AZ

Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirilib -Yenilənib



Martın 7-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Parlamentin sədri Sahibə Qafarova bu gün 14 məsələnin müzakirə ediləcəyini, gündəliyin birinci məsələsinin Milli Məclisin qərar layihəsi olduğunu bildirib. Spiker qeyd edib ki, qanunvericiliyə uyğun olaraq parlamentdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi dinləniləcək.
Sonra ombudsman Səbinə Əliyeva 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında məruzəni təqdim edib.
O, 2024-cü ilin ölkəmiz üçün bir sıra mühüm ictimai-siyasi hadisələr və qlobal əhəmiyyətli tədbirlərlə yadda qaldığını söyləyib. Bildirib ki, ilk dəfə olaraq suveren respublikamızın bütün ərazisində keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri və Milli Məclisə növbədənkənar seçkilər əlamətdar hadisəyə çevrilib. Ötən il respublikamız bir çox ölkələrin dövlət və hökumət başçılarının, rəsmi şəxslərinin, nüfuzlu ictimai, siyasi, elm və mədəniyyət xadimlərinin qatıldığı beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi, ölkəmizin yüksək diplomatik məharəti sayəsində inkişaf etməkdə olan ölkələrə hər il maliyyə yardımına dair razılığın əldə olunması və digər mühüm qərarların qəbul edilməsi iqlim dəyişmələrinə qarşı mübarizədə mühüm nəticə kimi tarixə düşüb.
Diqqətə çatdırılıb ki, 2024-cü ildə Ombudsmanın ünvanına 29.371 müraciət daxil olub. İnsanların üzləşdikləri problem və çətinliklərin həlli məqsədilə Ombudsman tərəfindən aidiyyəti dövlət qurumlarına, idarə, müəssisə və təşkilatlara müraciətlər edilib, bir çox hallarda nöqsan və çətinliklərin aradan qaldırılması və pozulmuş hüquqların bərpası üzrə zəruri tədbirlər görülüb, təklif və tövsiyələr verilib.
Bildirilib ki, sahibkarlıq subyektlərində işçilərin əmək hüquqlarının pozulması faktları üzrə araşdırmaların aparılmasında ciddi çətinliklər yaranıb. Bu çətinliklərin aradan qaldırılması üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyindən bəhs edilib. Qeyd olunub ki, işəgötürənlər tərəfindən işaxtaran şəxslərin əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi probleminə də diqqət artırılmalıdır. Özünüməşğulluq proqramına əlçatanlığın asanlaşdırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac vardır.
Sağlamlığın qorunması hüququnun səmərəli təmin edilməsi istiqamətində əhəmiyyətli islahatların aparılmasına baxmayaraq, hələ də bu sahədə müəyyən çətinliklərin olduğu, icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlər zərfinin genişləndirilməsinin, ölkəyə idxal edilən dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsinin, onkoloji xəstəliklərin müalicəsində istifadə olunan dərman preparatlarının spektrinin genişləndirilməsinin vacibliyi qeyd edilib. Səhiyyə müəssisələri tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə müvafiq göndərişlərin düzgün rəsmiləşdirilməsi və süründürməçilik hallarının aradan qaldırılması üçün tibb işçilərinin peşəkarlığının artırılmasının, sənədləşmə prosesinin sadələşdirilməsinin zəruriliyindən söhbət açılıb.
Ombudsman təhsil sahəsində davamlı monitorinqlərin aparılmasının təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməklə yanaşı, tədrisin dövlət standartları əsasında təşkil olunmasına da əhəmiyyətli təsir göstərdiyini deyib. O, təhsil müəssisələrində psixoloqlara ayrılan ştat vahidinin şagird sayına uyğunlaşdırılmasının, psixoloqların müəllim və valideynlərlə əməkdaşlığının gücləndirilməsinin, onların bilik və bacarıqlarının artırılmasının məqsədəmüvafiq olduğunu söyləyib.
Qeyd olunub ki, həssas əhali qrupuna aid edilən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, onların cəmiyyətin tamhüquqlu üzvləri kimi inteqrasiyasının təmin edilməsi insan hüquqlarına hörmətin və sosial ədalət prinsiplərinə bağlılığın vacib göstəricilərindən biridir. Tibb, təhsil, sosial xidmət və digər müəssisələrdə, həmçinin nəqliyyat sistemində və yollarda əlilliyi olan şəxslərin həyat fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasında mövcud çətinliklərin aradan qaldırılması yollarından danışılıb.
Bildirilib ki, sənəddə ölkəmizdə mənzil hüququnun təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər sırasında əhali üçün maddi cəhətdən əlverişli olan yaşayış binalarının tikintisinə dəstək verilməsinin əhəmiyyətindən söhbət açılır. Güzəştli ipoteka kreditinin şərtlərinin yüngülləşdirilməsi, mənzil fondunun dövlət uçotu qaydasının təsdiq edilməsi prosesinin və çoxmənzilli binaların idarə edilməsi qaydasının müəyyən edilməsinin sürətləndirilməsi məqsədəmüvafiq hesab olunur. Bir sıra şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla əlaqədar üzləşdikləri problemlərin aradan qaldırılması məqsədilə özbaşına tikililərin və yeni tikililərdə olan mənzillərin dövlət qeydiyyatına alınması prosesinin sürətləndirilməsinin zəruri olduğu diqqətə çatdırılıb.
Bildirilib ki, ötən müddətdə məhkəməyədək icraat mərhələsində cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının müdafiəsi diqqətdə saxlanılıb, şikayətlər üzrə müvafiq araşdırmalar aparılıb, bir sıra hallarda hüquq mühafizə orqanlarının bəzi əməkdaşlarının qanun pozuntularına yol verdiyi müəyyən edilərək barələrində intizam tənbehi tədbirləri tətbiq olunub. Yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmini məqsədilə dövlət hesabına hüquqi yardımın göstərilməsi üçün qanunvericiliklə nəzərdə tutulan məbləğin artırılması məqsədəmüvafiq hesab olunur. Qeyd edilib ki, həbs qətimkan tədbirinin seçilməsi və ya həbs müddətlərinin uzadılması ilə bağlı təqdimatların işin hallarından asılı olaraq minimuma endirilməsi, habelə penitensiar müəssisələrdəki sıxlıq probleminin aradan qaldırılması məqsədilə həbsə alternativ qətimkan tədbirlərinin seçilməsi prosessual hüquqların təmini baxımından əhəmiyyətlidir. Bununla yanaşı, məhkəmə sistemində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin onların fəaliyyətində keyfiyyət və səmərəliliyin artırılmasına xidmət etdiyi söylənilib. Məhkəmə qərarlarının icrası mexanizmlərinin təkmilləşdirilməsi üzrə tədbirlərin davam etdirilməsi zəruriliyindən bəhs edilib. Aliment tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi barədə şikayətlərin çoxluq təşkil etdiyi, alimentin ödənilməsinə vahid dövlət nəzarət mexanizminin yaradılmasının vacibliyi qeyd olunub.
Diqqətə çatdırılıb ki, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərlə rəftar məsələləri, saxlanma şəraiti, habelə müvafiq sənədləşmənin araşdırılması məqsədilə aidiyyəti dövlət qurumlarının müəssisələrinə ümumilikdə 352 başçəkmə həyata keçirilib, onlardan 108-i isə plandankənar başçəkmələr olub. Başçəkmələr zamanı saxlanılan şəxslərin hüquqlarının təmini vəziyyəti öyrənilib, müraciətləri araşdırılıb, bəzi məsələlər yerində həll olunub, zəruri hallarda aidiyyəti dövlət qurumlarına müraciətlər edilib. Qeyd olunub ki, həbs yerlərində saxlanılan şəxslərin və məhkumların sağlamlıq hüquqlarının daha effektiv təmini üçün tibbi məlumatların elektron qeydiyyatının aparılması, müəssisələrdə tibbi xidmətlərin sosial xidmətlərə daha sıx inteqrasiyası üzrə zəruri tədbirlərin görülməsi təklif edilir.
Çıxışda vurğulanıb ki, azərbaycanlılara qarşı Ermənistanın uzun illərdir həyata keçirdiyi etnik təmizləmə və nifrət siyasəti nəticəsində yüz minlərlə insanın pozulmuş hüquqlarının bərpası beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmət baxımından böyük önəm daşıyır. Müxtəlif vaxtlarda əzəli torpaqlarından zorla qovularaq qaçqın həyatı yaşamağa məcbur olmuş azərbaycanlıların pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində Ombudsman tərəfindən geniş fəaliyyət həyata keçirilib, müvafiq beynəlxalq təşkilatlar qarşısında bu məsələ davamlı olaraq qaldırılıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra Ermənistanın mina terroru haqqında məlumat Ombudsman tərəfindən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.
Qeyd olunub ki, illik məruzədə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin təhlili əks etdirilməklə yanaşı, hüquq pozuntularının qarşısının alınması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyi, dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında səmərəli dialoqun və əməkdaşlığın dərinləşdirilməsi önə çəkilir.
Sonra iclasda parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Ombudsmanın illik məruzəsi ilə bağlı fikirlərini açıqlayıb.
O, məruzədə vətəndaşların müraciətlərinə xüsusi yer ayrıldığını söyləyib. Bildirilib ki, sənəddə mülki hüquqlarla bağlı, ilk növbədə, mənzil fondunun yenilənməsi ilə əlaqədar xüsusilə də Bakı şəhərində problemlərin hələ də qaldığı göstərilir. Müvəkkilin beynəlxalq mandatı çərçivəsində Yaxın Şərqdə döyüşən azərbaycanlıların yaxınlarının ölkəmizə qaytarılmasının diqqətdə saxlandığı vurğulanır. Milli Preventiv Mexanizm çərçivəsində müvəkkilin ötən il ümumilikdə müxtəlif qurumlara 352 başçəkmə həyata keçirdiyi, habelə planlaşdırılmayan baxışlar haqda geniş məlumat verilir.
Komitə sədri həbs yerlərində saxlanılan şəxslərin və məhkumların hüquqlarının müdafiəsi haqqında məruzədəki statistik məlumatlar barədə fikirlərini açıqlayıb. O, ağır xəstə məhkumların cəzadan azad olunmalarına dair məhdudiyyətlərin aradan qaldırılması, təqdimatların göndərilməsindəki problemlərin həlli zəruriliyindən danışıb. Azadlıqdan məhrumetmə deyil, məhdudlaşdırma tədbirlərinin - “cəza bilərziyi”nin tətbiqinin mütərəqqi hadisə olduğunu deyib.
Zahid Oruc, habelə sənəddə hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı çağırışçıların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və bir sıra digər məsələlər barədə fikir və qeydlərini açıqlayıb.
O, məruzədə informasiyanın əldə olunmasına, o cümlədən dövlət-media münasibətlərinə geniş yer verildiyini bildirərək, bu sahədə də müəyyən problemlərin olduğunu, bəzi media qurumlarının xarici dövlətlərin siyasi layihələrinə çevrildiyini qeyd edib. Bildirib ki, belə hallarla bağlı dövlətimizin seçdiyi prinsip beynəlxalq qanunlara və milli ləyaqət prinsiplərinə tamamilə uyğundur.
Nəzərə çatdırılıb ki, illik məruzəyə Qərbi Azərbaycana dinc qayıdışın hüquqi prinsipləri daxil edilib. Bu məsələ üzrə fəaliyyətin həm ayrı struktur vahidi, həm də hesabatlılıq baxımından müstəqil fəsildə verilməsi təklif olunub.
Komitə sədri beynəlxalq əməkdaşlıq sahəsində müvəkkilin həyata keçirdiyi genişmiqyaslı işlər barədə də öz fikir və təkliflərini bölüşüb. Habelə məruzədə irəli sürülən təkliflərin dövlət orqanlarının işinin təkmilləşdirilməsinə və daha səmərəli koordinasiyasına xidmət etdiyini bildirib.
Sonra məsələ ətrafında müzakirələr aparılıb. Komitə sədrləri Fazil Mustafa, Hicran Hüseynova, deputatlar Vüqar Bayramov, Aydın Mirzəzadə, Bəhruz Məhərrəmov, Hikmət Məmmədov, Sahib Alıyev, Bəxtiyar Əliyev, Razi Nurullayev, Əli Məsimli, Azər Allahverənov öz çıxışlarında təqdim edilən məruzə ilə bağlı fikir və qeydlərini açıqlayıblar.
Milli Məclisin sədri Sahibə Qafarova insan hüquqları üzrə müvəkkilin məruzəsinin yüksək səviyyədə hazırlandığını bildirib. O, deputatlar tərəfindən səsləndirilən sual və tövsiyələrin işçi qaydada müzakirə edilməsini təklif edib.
İclasda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin nəzərə alınması barədə qərar layihəsi qəbul edilib.
Parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, ötən ilin dekabr ayında İqtisadi Əməkdaşlıq Təşkilatının Qahirədə keçirilən Zirvə görüşündə Azərbaycan yekdil qərarla D8 təşkilatına üzv qəbul edilib. O, vurğulayıb ki, bu hadisə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin növbəti böyük uğuru və dövlətimizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir göstəricisi olub. Spiker bildirib ki, bu istiqamətdə görülən işlərin davamı olaraq “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsi müzakirəyə təqdim edilir. O, qeyd edib ki, beynəlxalq sənədlərlə bağlı olduğuna görə, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq, qanun layihəsi bir oxunuşda qəbul ediləcək.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” Azərbaycan Respublikası qanununun layihəsini təqdim edib.
Bildirilib ki, Azərbaycan Respublikası keçən ilin 19 dekabr tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı D-8-ə tamhüquqlu doqquzuncu üzv kimi qəbul edilib. Qeyd olunub ki, Azərbaycanın D-8-ə qoşulması iqtisadi və ticarət əlaqələrinin inkişafına yeni imkanlar açır.
Əsas prinsipləri münaqişə əvəzinə sülh, qarşıdurma əvəzinə dialoq, istismar, müstəmləkəçilik əvəzinə əməkdaşlıq, ikili standart əvəzinə ədalət, ayrı-seçkilik əvəzinə bərabərlik olan Hökumətlərarası D8 təşkilatının məqsədləri və fəaliyyət istiqamətlərinin Azərbaycan dövlətinin qarşıya qoyduğu hədəflərlə uzlaşdığı və bunun ölkəmizlə üzv dövlətlər arasında D8 çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsində mühüm amillərdən olduğu vurğulanıb.
Qeyd edilib ki, Azərbaycanın bu təşkilata qoşulması iqtisadi və ticarət əlaqələrinin inkişafına, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsinə, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq prosesinə üzv ölkələrin cəlb olunmasına yeni imkanlar açır. Bununla yanaşı, Orta Dəhliz marşrutu üzərində yerləşən Azərbaycan, Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə D-8 ölkələri üçün mühüm tranzit mərkəzinə çevrilir.
Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Gülşən Paşayeva məsələ ilə əlaqədar fikirlərini və komitənin rəyini diqqətə çatdırıb. Bildirilib ki, təşkilat 8 müsəlman ölkəsini – Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan və Türkiyəni birləşdirir. Azərbaycanın D8 ölkələrinin əksəriyyəti ilə ikitərəfli və çoxtərəfli formatda məqsədyönlü əməkdaşlıq etdiyi söylənilib. Vurğulanıb ki, Azərbaycan Şərq ilə Qərb arasında körpü rolu oynayan və İslam dünyasının əsas iqtisadi və mədəni mərkəzlərindən biri kimi, D-8 çərçivəsində əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacaq.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova növbəti 5 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.
Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən bəhs edib. O, layihənin əvvəlki oxunuşlarında qaldırılan məsələlərin işçi qaydada cavablandırıldığını, sənədin komitə tərəfindən üçüncü oxunuş üçün tövsiyə edildiyini bildirib.
Layihədə korrupsiyaya qarşı mübarizə üzrə səmərəliliyin artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə bir sıra normaların təkmilləşdirilməsi və yeni normaların əlavə edilməsi nəzərdə tutulur.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. O, sənədə əlavə heç bir təklifin daxil edilmədiyini deyib və onun səsə qoyulmasını xahiş edib.
Təklif edilən dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödənilir.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, sənəddə hər hansı bir dəyişikliyin olmadığı üçün onun olduğu kimi səsə qoyulmasını xahiş edib.
Layihə hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalarla  bağlı məsuliyyət tədbirlərinin gücləndirilməsi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda xidmət keçən hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması məqsədilə hazırlanıb.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev sənəd barədə bu komitənin rəyini söylədikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü  oxunuş) qanun layihəsinə dair məlumat verib. O, layihə barədə birinci və ikinci oxunuş zamanı məlumat verildiyini, əlavə heç bir dəyişikliyin olmadığını deyib və münasibət bildirilməsini xahiş edib.
Sənəddə Cinayət Məcəlləsinin 228-ci maddəsinə təklif edilən dəyişiklikdə  qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları satma həmin Məcəllənin qüvvədə olan 228.1-ci maddəsindən çıxarılaraq, bu əməlin ayrıca kriminallaşdırılması təklif edilir. "Xidməti və mülki silah haqqında" Qanuna təklif edilən dəyişiklikdə isə, odlu silah əldə etmək hüququnun 18 yaşdan artırılaraq 21 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarına verilməsi nəzərdə tutulur.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məsələyə dair rəhbərlik etdiyi komitənin rəyini səsləndirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. O, əvvəlki iki oxunuşda sənədin ətraflı müzakirə edildiyini, hər hansı qeyd və təklifin olmadığını söyləyib və onun səsə qoyulmasını xahiş edib.
Layihədə büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması təklif olunur. Sənəddə, həmçinin "e-mühasibat" informasiya sisteminin təmin etməli olduğu məqsədlər müəyyən edilir.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Spiker Sahibə Qafarova gündəliyin digər 7 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu nəzərə çatdırıb.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Bildirilib ki, layihə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunda dəyişiklik edilməsi barədə" 2021-ci il 22 iyun tarixli 346-VIQD nömrəli Qanunun icrası ilə əlaqədar hazırlanıb. Dəyişikliklərə əsasən, bir sıra qanunlarda "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər" sözləri "əlilliyi olan uşaqlar" sözləri  ilə əvəz edilir.
Sənəddə, həmçinin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanuna "Azərbaycan işarət dili" anlayışının və əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququnun təmin olunması məqsədilə "Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması" məzmununda yeni 12-1-ci maddənin əlavə olunması nəzərdə tutulur. Yeni maddədə dövlətin əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verdiyi bildirilir. Habelə, qeyd olunur ki, Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır. Bununla yanaşı, dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçılarının praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin etdiyi təsbit olunur. Dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq edilir.
Bütövlükdə qanun layihəsi Birləşmiş Millətlər Təşkilatının "Əlilliyi olan şəxslərin hüquqları haqqında" 2006-cı il tarixli Konvensiyasının tələbləri çərçivəsində istifadə edilən terminlərin uyğunlaşdırılmasını kompleks şəkildə nəzərə almaqla, nəticədə qanunvericilik sistemində əlilliyi olan uşaqlara münasibətdə terminoloji vahidliyi  təmin edəcək.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məsələ barədə bu komitələrdə müsbət rəy verildiyini diqqətə çatdırıblar.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verib.
Bildirilib ki, Qanunun 12.1-ci maddəsi nisyə mal alqı-satqısı ilə məşğul olan və təqvim ili ərzində nisyə satılmış mallar üzrə dövriyyəsi yüz min manatdan çox olan hüquqi və fiziki şəxslər tərəfindən “kredit tarixçələrini təşkil edən məlumat”ın kredit bürosuna mütləq qaydada təqdim edilməsi tələbini müəyyən edir. Eyni zamanda, qanunun 22-ci maddəsi həmin şəxslər tərəfindən kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna təqdim edilməməsinə görə məsuliyyəti nəzərdə tutur. Qeyd edilib ki, kredit tarixçəsinə aid olan məlumatların həmin təsərrüfat subyektləri tərəfindən təqdim edilməsi böyük inzibati, zaman və sair resurslar tələb edir. Eyni zamanda, onların bu vəzifələrini icra etməsinə nəzarətin təşkilinin, habelə məlumatın vaxtında, düzgün və ya tam verilməməsinə görə məsuliyyətə cəlb etmənin mürəkkəbliyi də mövcuddur.
Bütün deyilənlər nəzərə alınaraq, təklif olunan dəyişikliyə görə, bu məlumatların kredit bürosuna mütləq qaydada təqdim edilməsi tələbi ləğv edilir. Dəyişiklikdən sonra nisyə mal alqı-satqısı ilə məşğul olan hər bir hüquqi və fiziki şəxsə dövriyyəsindən asılı olmayaraq, eyni yanaşma tətbiq ediləcək və onların məlumatı təqdim etməsi məsələsi qanunun 12.2.3-cü maddəsinə uyğun olaraq tənzimlənəcək.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsindən bəhs edib. O, sənədin enerji resurslarından səmərəli istifadə, yaşıl enerjiyə keçid, ətraf mühitin mühafizəsi kimi məqsədlərə xidmət etdiyini söyləyib. Komitə sədri enerji səmərəliliyi məsələsi ilə bir neçə gün əvvəl komitənin təşkil etdiyi “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə geniş fikir mübadiləsinin aparıldığını bildirib. Enerji səmərəliliyinin həm iqtisadi inkişaf, həm də ekoloji davamlılıq baxımından strateji əhəmiyyət kəsb etdiyini deyib.
Qeyd olunub ki, Azərbaycanda közərmə lampalarının istehsalı, idxalı və satışına tam qadağanın tətbiqi məqsədilə "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanunun 17-ci maddəsinə müvafiq əlavənin edilməsi təklif olunur.
Dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının, o cümlədən 60 Vt və yuxarı gücə malik olan közərmə lampalarının 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarının isə 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağandır.
Bildirilib ki, közərmə lampalarının ölkəmizdə qadağan olunması həm istehlakçılara, həm də ölkə iqtisadiyyatına faydalar gətirməklə emissiyaların azaldılmasına və bununla Paris Sazişinə əsasən Azərbaycan Respublikasının götürdüyü Milli Səviyyədə Müəyyən Edilmiş öhdəliklərin yerinə yetirilməsinə, eləcə də 2023-cü ildə Dubayda keçirilmiş COP28 zamanı ölkəmizin qoşulduğu "Bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi Qlobal Vədi"nə öz töhfəsini verəcəkdir.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib.
O, bildirib ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nda benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasının yaradılması və onun fəaliyyəti üçün hüquqi əsasların formalaşdırılması nəzərdə tutulub. Bu dəyişikliklər də həmin tədbirin icrasını təmin etmək məqsədi ilə hazırlanıb.
Benefisiar mülkiyyətçi anlayışının milli qanunvericiliyimizdəki yerindən söz açan komitə sədri anlayışın təklif edilən layihədə bir daha dəqiqləşdirilməsindən və mahiyyətindən danışıb.
Layihənin qəbul edilməsi ilə hüquqi şəxslərin benefisiar mülkiyyətçilərinə dair dürüst, dəqiq, yenilənmiş məlumatları əks etdirən mərkəzləşdirilmiş məlumat bazasının formalaşdırılması təmin ediləcək. Bu isə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin effektivliyinin artmasına xidmət edəcək.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələyə rəhbərlik etdiyi komitədə baxıldığını və müsbət rəy verildiyini bildirib.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunla təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə əlaqədar Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib.
Komitə sədri nəzərə çatdırıb ki, təqdim edilən qanun layihəsi hərbi və xüsusi geyim formalarına olan hörməti qorumaq, onlardan sui-istifadənin qarşısını almaq məqsədi ilə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslərin yalnız rəsmi dəvət olunduqları Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və ya istefaya buraxıldıqları dövlət orqanının (qurumunun) əməkdaşlarının peşə bayramı günlərində, habelə "Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü"ndə, "Zəfər Günü"ndə və "Azərbaycan Respublikasında Anım Günü"ndə həmin geyim formasını daşımasını nəzərdə tutur.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Gündəliyin on üçüncü məsələsi olan “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, layihədə yanacaqdoldurma obyektlərinin fəaliyyətinin də lisenziya tələb olunan fəaliyyət növünə aid edilməsi və müvafiq dövlət rüsumunun müəyyən olunması nəzərdə tutulub.
Qanun layihəsində lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarətin təkmilləşdirilməsi, lisenziyanın dayandırılması və ləğvi üçün yeni əsasın müəyyən olunması, həmçinin qanunun təkmilləşdirilməsi məqsədilə bir sıra dəqiqləşdirmələrin aparılması, habelə yeni “lisenziyalaşdırma subyektləri” anlayışının daxil edilməsi təklif olunub.
Məsələ ilə bağlı deputat Razi Nurullayevin fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Gündəliyin sonuncu məsələsi olan Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Əli Hüseynli bildirib ki, layihənin bir hissəsi qüvvədə olan bir sıra qanunların icrası məqsədilə hazırlanıb və İnzibati Xətalar Məcəlləsində onların pozulması ilə bağlı müvafiq məsuliyyətlərin təsbit olunmasını əhatə edir.
Milli Məclisin müzakirəsində olan qanun layihələri ilə bağlı olan dəyişiklikləri diqqətə çatdıran komitə sədri digər dəyişikliklərin nəqliyyat sahəsində təhlükəsizliklə, xüsusən aviasiya təhlükəsizliyi ilə bağlı olduğunu deyib. Belə ki, “Aviasiya haqqında” qəbul edilən yeni Qanunda aviasiya hadisələri və insidentlərinin araşdırılmasının təşkili, aviasiya personalına dair, mülki aviasiya sahəsində sığorta və mülki hava gəmilərinin istismar edilməsinə dair tələblərə uyğun dəyişiklikləri ehtiva edir. Buna əsasən də layihədə Cinayət Məcəlləsinə dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma  ilə bağlı uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklər təklif edilir. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin isə bir hissəsi Məcəllədə hazırda müəyyən edilmiş hava nəqliyyatında olan qaydalar əleyhinə inzibati xətaların "Aviasiya haqqında" Qanuna uyğunlaşdırılması, digər hissəsi isə Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyən yeni qaydaların icrasını təmin edilməsi üçün bir sıra inzibati xətaların Məcəlləyə əlavə edilməsini nəzərdə tutur.
Layihədə həmçinin dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyi qaydaları əleyhinə olan bəzi inzibati xətaların dispozisiyaları təkmilləşdirilir və sanksiyadakı cərimə məbləğləri artırılır.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
İclasa yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, sabah Qadınlar Gününü qeyd edəcəyik. Spiker bu gün Milli Məclisdə qadınlar üçün səslənən təbriklərə görə minnətdarlığını bildirib.
Sahibə Qafarova qeyd edib ki, hər bir cəmiyyətin inkişaf səviyyəsi və onun potensial imkanları bir çox cəhətdən qadınların vəziyyəti ilə müəyyən olunur. Bunu biz hamımız çox yaxşı bilirik. Çünki qadınlar ailə və təhsildən başlayaraq siyasətə, elmə, incəsənətə qədər həyatın bütün sahələrində mühüm rol oynayırlar.
Spiker bayram münasibəti ilə Milli Məclisin qadın deputatlarını və əməkdaşlarını, parlamentin fəaliyyətini işıqlandıran qadın media mənsublarını, bütün Azərbaycan qadınlarını ürəkdən təbrik edib, onlara möhkəm can sağlığı, firavanlıq və ailə səadəti arzulayıb.
Sahibə Qafarova diqqətə çatdırıb ki, bildiyiniz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qadın hüquqlarının müdafiəsi, dövlət və cəmiyyət həyatında qadınların rolunun gücləndirilməsi ilə bağlı fəaliyyətin uğurlarına böyük töhfələr verir.
Spiker təklif edib ki, icazə verin, 8 Mart – Qadınlar Günü münasibəti ilə çox hörmətli Mehriban xanıma Milli Məclis adından təbrik məktubu ünvanlayaq və ona dəyərli fəaliyyətində yeni-yeni uğurlar arzulayaq.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.







Seçilən
53
8
aia.az

10Mənbələr