AZ

"MÜQAVİLƏNİ BELƏ BAĞLAYARLAR, CƏNABLAR”... - Zahid Orucun ÇIXIŞI + VİDEO

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında cari məsələlərin müzakirəsi zamanı çıxış edib. 

Deputatın stenoqrama daxil olmuş çıxışının tam mətnini təqdim edirik:

"İkinci prezidentliyindən 46 gün keçən Donald Trampın Amerika inqilabını maraq və rəğbətlə izləyənlər arasında Azərbaycan da var. Prezident İlham Əliyevin 20 il əvvəl uzaqgörənliklə dedikləri indi Ağ Ev administrasiyası tərəfindən təkrarlanır. Münxen Konfransında vitse-prezident Ceyms Vens bəyan etdi ki, Avropanın təhlükəsizliyinə ən böyük zərbəni qərbli liderlər vurur. Dünyada müharibələrin gerçək səbəbi demokratiyanın və üslu-idarələrin ixracı adı ilə ölkələrin daxili işlərinə silahlı, yaxud rəngli müdaxilələrdir. Konfransın sədri Kristof Hoysenin tribunada tökdüyü göz yaşları İraqda, Suriyada kütləvi məhv edilən milyonlarla insanın faciəsinə bənzəmir.

Əgər elə deyilsə, Zəngilana, Xocalıya, Şuşaya dönən vətəndaşımıza niyə bir Avropa dövləti kömək etmir? Çünki məqsədləri işğalı qoruyub saxlamaq idi.

Əvəzində 3 ildir davam edən Ukrayna müharibəsində 16 milyon əhalini köçkünə çevirəndən, 30 faiz torpağı və 100 minlərlə insanı itirəndən sonra qəhrəman ukraynalıların qarşısına təbii sərvətlərini təslim etmək şərti qoyulur.

İllərdir dövlətimizə şər atanlar 1994-cü ilin “Əsrin müqaviləsi”ni, təhlükəsizlik zəmanəti olmadan atəşkəs razılaşmasını hazırki Ukrayna ilə müqayisə edin, görün, Ulu öndər Heydər Əliyev məğlub Cəbhə hakimiyyətini kapitulyasiyadan necə xilas edib, Qələbəmizin əsasını qoymuşdu. Müqaviləni belə bağlayarlar, cənablar! Ulu öndərdən öyrənin-çünki O, təkcə azərbaycanlılara deyil, bütün xalqlara qurtuluşun yolunu göstərib.

İşğala qarşı birləşən 51 dövlətin Ukraynaya verdiyi yardımın üçdə ikisini korrupsiya kimi mənimsəyiblər. Qlobal müharibə partiyası bir xalqın qanı üzərində 100 milyardları silib. Savaşın sponsorları o vaxt azərbaycanlılara sığınacaq və yardım etmək əvəzinə 907-ci cəza qanunu tətbiq etmişdilər. Heç bir millətə sərvətini-vətənin mülkiyyət hüququnu təslim edib təhlükəsizlik qarantiyası almağı arzulamırıq. Bunun harası müstəqillik oldu? Bunun harası ləyaqət inqilabı oldu? Bunun harası avrointeqrasiya oldu?

Şübhə etmirik ki, ABŞ siyasətində belə kəskin dönüşün bir səbəbi də Qarabağda qələbəmizdir. Qlobal layları tərpətdiyimiz üçün Ağ Evdə başlanan kəskin dönüş xalqımıza düşmənçilik edənlərin də ifşasına səbəb olub. Dövlət başçısının dəfələrlə dediyi yalançı 4-lük- " The New York Times", Fiqaro və digər şər maşınının haradan idarə olunduğu tam üzə çıxıb. Görün, Qorbaçovun Pravdası ilə, Baydenin “ The Washington Post"u necə bir-birinə bənzəyir. Terror mediası Osmanqızı, Azad söz və digər muzdlu şəbəkənın siyasi himayadarları və maliyyəsi kəsildiyi üçün onlar da də məhvə məhkumdurlar.

40 gündür USAİD-in fəaliyyəti dayandırılıb, lakin dünyada demokratiya azalmayıb, əksinə, ölkəmizə qarşı hücumlar səngiyib və xaosçular başsız qalıb. İndi görün, milli mənafeləri qoruyan hakimiyyətlərə alternativ yaratdıqları qeyri-hökumət təşkilatları-OCCRP, NED, NDİ və yüzlərlə klon təşkilatları məsuliyyətə cəlb olunsalar, dünya necə rahat nəfəs alar.

Biz ABŞ-dan Qarabağa yardım istəmirik, çünki millətimiz halal Qələbəsi ilə Şuşada Ağ Evi özü ucaldır!"

Seçilən
16
azpolitika.info

1Mənbələr