AZ

Oleq Bakinskinin məhkəməsinə şahid məcburən gətiriləcək

Azərbaycanda həbsdə olan ukraynalı kriminal avtoritet, "Oleq Bakinski" ləqəbi ilə tanınan Krapivin Oleq Andreyeviç və Ukrayna müdafiə sənayesi nazirinin Avrasiya məsələləri üzrə sabiq müavini Kuçer Konstantin Antonoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
BUTA.TVTeleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi prosesdə şahidlər ifadə verib. Şahid qismində dindirilən Arif Hüseynov deyib ki, 2022-ci ildən şirkətdə hüquqşünas işləyir: "Hadisə günü işdə idim. Dəhlizdə 4-5 nəfər uca səslə danışırdı. Yaxınlaşdım ki, səs-küyü sakitləşdirim, orada direktoru gördüm, qalanlarını tanımadım. Sonra otağa qayıtdım. Məndən başqa xanım işçilər də hadisə yerindəydi". Şahidin sözlərinə görə, zərərçəkən şirkətlərlə bağlanan müqavilələrdən də xəbəri olub: "Həmin müqavilələrdə qeyd olunmuşdu ki, şirkət sifarişləri vaxtında çatdıracaq. "Günay Bank"ın bağlanmasından da xəbərim var idi. Həmçinin digər tərəfdaş banklarla da yazışmalarım olub". Prosesdə digər şahid Elşən Soltanov barəsində məcburi gətirilmə qərarı çıxarılıb. İttihama görə, zərərçəkən kimi tanınan Valeriy Zaxarenkonun lisenziyası ləğv edilmiş "Günay Bank"da bir neçə milyon avro pulu olub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı Valeriiy Zaxarenko vəsaitini götürmək üçün Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları çıxarmaqda problem yaranıb. O.Bakinski, K.Kuçer və V.Zaxarenko məsələni yoluna qoymaq üçün Bakının Xətai rayonunda yerləşən Babək Plazada görüşüblər. Lakin tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. O.Bakinski şüşə butulka ilə V.Zaxarenkoya xəsarət yetirib. Sonuncuya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar. Cinayət işi üzrə V.Zaxarenko zərərçəkmiş kimi tanınıb. Eyni zamanda, daha iki şirkət zərərçəkmiş sayılır. Bunlar “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti və “Promyshlennye Postavki Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir. O.Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub. O, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınır. O, Cinayət Məcəlləsinin az ağır xəsarət yetirmə, xuliqanlıq, K.Kuçer isə xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunurlar.

Sonuncu eyni zamanda məcəllənin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə günahlandırılır.

Seçilən
28
3
buta.tv

10Mənbələr