AZ

ABŞ-nin proksisi Ukrayna – Aİ-nin savaşı dayandırmaq cəhdi – TƏHLİL

Rusiyanın Ukraynada apardığı müharibə qlobal güclər arasında münasibətləri, hərbi hazırlıqların vəziyyətini, eləcə də təhlükəsizlik təminatı məsələlərini üzə çıxarıb.

On ildən çoxdur ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyi pozulub. Bu müddət ərzində ABŞ başda olmaqla Qərb bloku Rusiyanı geri oturda bilməyib. Ukraynanın məğlubiyyətinin Qərbə problem yaradacağını etiraf etsələr də, hələ bu istiqamətdə əməli addım atılmayıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Donald Trampın yenidən prezident olması ABŞ-nin Avropadakı müttəfiqlərini sanki silkələyib. Onun Ukraynasız belə Rusiya ilə danışıqlara başlaması müttəfiqlər arasında münasibəti və vəziyyəti gərginləşdirib. Avropa ölkələri liderlərinin bir həftə ərzində iki dəfə görüşmələri bunu təsdiqləyir.

Bu qitənin aparıcı ölkələri, Avropa İttifaqı (Aİ) və NATO üzvləri hərbləşmə istiqamətində yeni təklif irəli sürüblər. İttifaqın liderləri martın 6-da Brüsseldə keçirilən sammitdə Avropa Komissiyasının (AK) təklif etdiyi qitənin 800 milyard avroluq hərbləşdirilməsi planı (Aİ-nin yenidən silahlanması) üzrə razılığa gəliblər.

Martın 4-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Aİ liderlərinə 800 milyard avroluq büdcə ilə ittifaqı yenidən silahlandırmaq planı təklif etdiyini açıqlayıb. AK-nin təklifi qurum üzvlərinin müdafiə məqsədlərinə 150 milyard avroya qədər borc almasını nəzərdə tutur. Avropa Komissiyası bu vəsaiti kapital bazarlarından borc götürəcək və sonra Avropadan birgə silah almaq şərti ilə dövlətlərə borc verəcək. Bu vəsait Aİ-də hava hücumundan müdafiə sistemlərinin və Ukrayna üçün silahların istehsalına yönəldiləcək.

AK, həmçinin ölkələrə silah istehsalı üçün daha 650 milyard avro cəlb etmək üçün müdafiə xərclərini 1,5 faiz artırmağı təklif edib. Bu məbləğin dövlət kreditləri şəklində Aİ ölkələri tərəfindən cəlb edilməsi nəzərdə tutulur.

Bununla da Avropa İttifaqı təhlükəsizliyinin yalnız ABŞ-dən asılılığını minimuma endirməyə çalışır.

ABŞ Prezidenti bəyan edir ki, bu müharibə nəticəsində ölüm hallarının qarşısını almaq məqsədi üçün Rusiya ilə danışıqlar aparır. Bunun üçün Ukraynanın faydalı qazıntıları dövriyyədə əsas element olaraq hallanır. Vaşinqton rəsmi Kiyevə milli sərvətləri ilə bağlı müqavilə imzalanması qarşılığında sülh sazişinin imzalanmasını təklif edir. Ukrayna isə əvvəlcə təhlükəsizliyə təminat istəyir. Bununla yanaşı, faydalı qazıntılara dair müqaviləni imzalamaqdan da imtina etmir.

Donald Trampın ukraynalı həmkarı ilə Vaşinqtondakı uğursuz və nəticəsiz görüşü də Avropa İttifaqında ciddi narahatlıq yaratdı. Buna görə də martın 3-də avropalı liderlər Londonda “əlüstü” toplantı keçirdi. Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron krallığın paytaxtında Zelenski ilə görüşdülər. Həmin danışıqlardan sonra onun ABŞ lideri ilə təması bərpa etmək barədə razılıq əldə edildi.

Brüssel zirvə toplantısında iştirak edən Zelenski qarşıdan gələn həftə Səudiyyə Ərəbistanında Ukrayna-ABŞ nümayəndələrinin görüşünün keçiriləcəyini təsdiqləyib. Həmin görüşdə sülhün bərqərar olması üçün iki ölkə arasında əməkdaşlıq müzakirə olunacaq.

V.Zelenski bildirib ki, martın 8-də Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşəcək. Ölkəsinin təmsilçiləri isə ABŞ-nin nümayəndələri ilə görüşücək. Bu tədbirin martın 11 və 12-də Səudiyyə Ərəbistanının Ər-Riyad və ya Ciddə şəhərlərində keçiriləcəyi ehtimal edilir.

Bununla da ABŞ-nin faydalı qazıntılar, sülh sazişi sonra təhlükəsizlik təminatı planının reallaşması ehtimalı daha çoxdur.

Avropa İttifaqı isə müharibəni “gücdən keçən sülh” yolu ilə dayandırmağa səy göstərir. Brüssel zirvə toplantısında Aİ-nin Ukrayna üzrə xüsusi sammitində intriqa, demək olar ki, sona qədər qalıb. Qurum üzvləri Kiyevə dəstək üçün vahid cəbhə təqdim edə bilməyib. Onlar konsensus əldə etməyə çalışsa da, Macarıstan nümayəndəsi – Baş nazir Viktor Orban qurumun təklif etdiyi “konstruktiv bitərəfliyə” belə razılıq verməyib.

Odur ki, görüşün sonunda qəbul edilən qərarı 27 deyil, 26 ölkə imzalayıb. Slovakiya isə sammitin yekunlarına dair mətnə kompromis olaraq Ukrayna ərazisindən təbii qazın tranziti ilə bağlı bəndi əlavə etdirib.

Avropa Şurasının sədri Antonio Kosta yekun mətbuat konfransında deyib ki, Ukraynadakı müharibəyə Macarıstanın fərqli strateji yanaşması var və bu səbəbdən Macarıstan tək qalıb: “O, təcrid olunub və sıralarımızı bölməyəcək”.

Sammitin sonunda isə Orban deyib: “Avropa İttifaqı təcrid olunub. Macarıstanın isə ABŞ, Çin və Rusiya ilə əla münasibətləri var”.

Avropa İttifaqı Rusiyanın tammiqyaslı təcavüzünə qarşı Ukraynanın özünümüdafiə hüququndan yararlanaraq, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəklərini təsdiqləyiblər. Brüsseldə Avropa liderləri bunun son dərəcə vacib olduğunu vurğulayıblar. ABŞ isə bunun azından indiki şəraitdə real olmadığını bildirir.

Aİ Ukraynada ədalətli və davamlı sülhün əldə edilməsinə yönəlmiş bütün səyləri alqışlasa da, bir sıra şərtlər irəli sürüb: iştirakı olmadan Ukrayna ilə bağlı danışıqlar aparıla bilməz; Avropasız onun təhlükəsizliyinə dair heç bir danışıqlar aparıla bilməz; atəşkəs yalnız Ukraynanın ərazi bütövlüyünün təmin olunması, ərazi bütövlüyünə hörmət edilməklə hərtərəfli sülh sazişinə aparan prosesin bir hissəsi kimi qəbul edilə bilər.

Bu şərtlərin reallaşması Avropa İttifaqının Ukraynaya real dəstəyindən daha çox asılı ola bilər.

ABŞ-nin dövlət katibi Marko Rubio “Fox News”a müsahibəsində bildirib ki, Rusiyanın Ukraynaya qarşı irimiqyaslı müharibəsi əslində Ştatlar və Federasiya arasında proksi savaşdır: “Açığı, iki nüvə ölkəsi ABŞ və Rusiya arasında proksi-müharibə gedir. ABŞ Ukraynaya yardım edir. Buna son qoymaq lazımdır”.

Onun sözlərinə görə, hazırda müharibəni bitirmək üçün heç kimin planı və ya ideyası yoxdur: “Ukraynanın və müttəfiqlərin “gəlin müharibəni sadəcə nə qədər lazımdır davam etdirək” bəyanatı strategiyanın olmamasıdır”. Dövlət katibi əlavə edib ki, Prezident Donald Tramp əvvəldən bu münaqişəyə “dalan dirənən” kimi baxıb.

Deməli, rəsmi Vaşinqtonun dəyərləndirməsinə əsasən, Rusiya ilə savaşda Ukrayna ABŞ-nin proksi qüvvəsi olaraq çıxış edir. Belə olan halda müharibəni bitirmək üçün Avropa İttifaqına aparıcı rol qalmır. Ukraynadakı müharibədən istifadə edərək, o müstəqil şəkildə öz təhlükəsizliyini təmin etməyə, hərbi koalisiya yaratmağa hazırlaşır.

Odur ki, belə bir Avropa İttifaqı Ukraynaya nə sülh gətirə, nə də savaşın qarşısını ala bilər. Bu qurumun aparıcılarından biri Fransadır. Rəsmi Paris belə məsələlərdə artıq real qüvvə sayılmır. O, özünü əsas fiqur kimi göstərməyə çalışsa da, əvvəl-axır yerinə otuzdurulur.

Donald Trampla Ukrayna məsələsini danışmaq üçün Vaşinqtona Avropanın ilk rəsmisi kimi Prezident Emmanuel Makron getmişdi. Nəticə olmadı. Ona görə bu dəfə onlar Ukrayna məsələsindən ABŞ-yə təzyiq elementi kimi istifadə etmək taktikasını seçiblər. Bununla Avropa İttifaqı özünü bu ölkənin başlıca himayədarı kimi təqdim etməyə çalışır. Ancaq ABŞ bu məsələyə də damğasını vurub, Ukrayna onun RF-yə qarşı müharibədə proksi qüvvəsidir. Bu isə Avropa İttifaqının rəsmi Kiyevdən Ağ Evə qarşı təzyiq vasitəsi olaraq istifadə etməsi cəhdini sıfırlayır. Ukrayna ABŞ-nin çətiri altına gəlir…

Seçilən
25
2
nocomment.az

3Mənbələr