AZ

NATO-nun gələcəyi sual altındadır: ABŞ müttəfiqlərini onların müdafiəsindən imtina etməklə hədələyir

Stokholm, 8 mart, Nərgiz Cəfərli, AZƏRTAC

NATO fəaliyyəti dövründə ən ciddi böhranı ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, ABŞ təşkilat daxilində maliyyə öhdəliklərini yerinə yetirməyən ölkələri müdafiə etməkdən imtina edə biləcəyini açıq şəkildə bəyan edib.

Bir il əvvəl İsveç 200 illik neytrallıqdan əl çəkərək NATO-ya üzv oldu. Bu, ölkəyə təhlükəsizlik təminatları, ümumi müdafiə planlaşdırmasında iştirak və qərar qəbul etmək imkanı verdi. Lakin Prezident Donald Trampın yeni administrasiyası müttəfiqlər arasında narahatlıq doğurub.

Ötən həftə Ağ Ev başçısı təsdiqləyib ki, ABŞ maliyyə öhdəliklərini yerinə yetirməyən NATO ölkələrini müdafiə etməyəcək. O vurğulayıb ki, “ödəməsələr, mən onları müdafiə etmirəm”. Bu sözlər bütün Avropada və İsveç siyasətçiləri arasında rezonans doğurub.

İsveç Demokratlar Partiyasının lideri Yimmi Okesson bu mövqeyi məntiqli hesab edir. Onun fikrincə, Avropa ölkələri çox uzun müddət ABŞ-a arxalanıb və qitə üçün müdafiə ilə bağlı üzərinə daha çox məsuliyyət götürməyin vaxtı gəlib.

Sosial Demokrat Partiyasının lideri Maqdalena Andersson Trampın sözlərini məsuliyyətsiz adlandıraraq, “bir nəfər hamı üçün, hamı bir nəfər üçün” prinsipinin NATO üçün əsas olaraq qaldığını vurğulayıb. Liberal Partiyasının lideri Yohan Person da Avropanı müdafiə qabiliyyətini gücləndirməyə çağırıb və qeyd edib ki, ABŞ uzun müddətdir müttəfiqləri tərəfindən hərbi xərclərin artırılmasında israrlıdır.

Eyni zamanda, NATO çərçivəsində hərbi əməkdaşlıq həmişəki rejimdə davam edir. Amerika qoşunları mümkün münaqişə ssenarilərini tətbiq etməklə, Finlandiya və Norveçdə təlimlər keçirir. İsveç Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edir ki, hazırda müttəfiqlər arasında hərbi qarşılıqlı əlaqədə heç bir dəyişiklik müşahidə olunmur.

Ekspertlər hesab edirlər ki, NATO-dakı böhran təkcə Trampın siyasəti ilə deyil, həm də daha dərin problemlə - təhlükənin qəbul edilməsində dəyişikliklə bağlıdır. Əgər ABŞ Rusiyaya artıq ciddi rəqib kimi baxmırsa, alyans öz roluna əsaslı şəkildə yenidən baxılması ilə üzləşə bilər.

Ekspertlərin fikrincə, NATO çox güman ki, öz strukturunu dəyişərək ABŞ və Avropa arasında vəzifələri yenidən bölüşdürəcək. Köhnə Dünya adi hərbi qüvvələrinin əksəriyyətini öz üzərinə götürə bilər, Yeni Dünya isə nüvə qarşısının alınması üçün məsuliyyəti öz üzərinə götürə bilər. Lakin bunun üçün Avropa ölkələri müdafiə xərclərini xeyli dərəcədə artırmalıdır.

Ən pis halda Avropa NATO və ya Avropa İttifaqının mövcud mexanizmlərindən istifadə edərək yeni müdafiə strukturu yaratmalı olacaq. Ekspertlər, həmçinin xəbərdarlıq edirlər ki, alyansda birliyin olmaması XIX əsrin geosiyasi nizamını xatırladan yeni qüvvələr balansının formalaşmasına gətirib çıxara bilər, həmin dövr əsas qərarlar böyük dövlətlər tərəfindən qəbul edilirdi.

İyun ayında Haaqada keçiriləcək NATO sammiti alyansın davamlılığı üçün sınaq olacaq. Siyasi fikir ayrılıqları onun formatının dəyişməsinə və ya hətta ABŞ-ın rolunun zəifləməsinə gətirib çıxara bilər. NATO-nun gələcəyi qeyri-müəyyən olaraq qalır, lakin bir məsələ aydındır: alyans qaçılmaz olaraq dəyişəcək.

Seçilən
1
azertag.az

1Mənbələr