AZ

Qadın və kişi liderlərin bir-birindən əsas fərqi - SƏHƏR OXUSU

Dünya bir çox qadın liderləri qarşılayıb və dünyanın idarə olunmasında qadınların hər ötən gün rolu artır. Tez-tez müzakirə edilən mövzulardan biri də qadınların iş həyatlarında fəaliyyətlərinin dəyərləndirilməsidir. Qadın və kişilər arasında fərqli idarəetmənin olması kimi düşüncələr mövcuddur. "Qadın liderlər kişilərdən fərqli idarəetmə tərzinə malikdirlərmi?".

Valyuta.az sizlər üçün qadın və kişilərin idarəetmə üslubunu və liderlik ruhlarının fərqliliyini araşdırdı. 

Tədqiqatlar göstərir ki, qadın və kişi liderlər arasında bəzi idarəetmə fərqləri var, amma bu fərqlər daha çox sosial və mədəni təsirlərdən qaynaqlanır, bioloji deyil. Müasir biznes mühitində ən uğurlu liderlər isə həm kişi, həm də qadın liderlik üslublarını birləşdirə bilənlərdir.

Belə ki, iş mühitində kişilərin idarəetmə stili avtoritor və ya strateji qərarverici olarkən, qadınların idarə etmə stili isə demokratik və əməkdaşlığa açıq hesab olunur. Qadınlar iş həyatında dəstəkverici və emosional düşünərkən, kişilər analitik və nəticəyönümlü düşünürlər. 

Qadınlar iş həyatlarında məqsədə və motivasiyaya, komanda işinə və uzunmüddətli inkişafa fokuslanır. Kişilərdə isə işə fokuslanma fərqli olur. Onlar daha hədəf və nəticəyönümlü strategiyalar qururlar. 

İş yerlərində bəzən münaqişələr ola bilir. Kişilərin və qadınların münaqişə idarəetməsi arasındakı fərqlər maraq doğurur. Qadınlar həll yolu üçün diplomatik və konsensusa əsaslanan həll yolunu seçərkən, kişilər konkret və daha sərt qərarlar alırlar. 

Qadın və kişilər arasında iş idarəetməsində bir çox tədqiqatlar aparılmış və başqa, maraqlı müşahidələr də ortaya çıxmışdır. 

Belə ki, Harvard Business Review (HBR) tərəfindən aparılan araşdırmalara görə, qadın liderlər xüsusilə ünsiyyət, empatiya və əməkdaşlıq sahələrində kişilərdən daha yüksək nəticə göstərirlər. “Forbes”in hesabatına əsasən də qadın liderlərin idarə etdiyi şirkətlərdə daha yüksək işçi məmnuniyyəti və uzunmüddətli performans müşahidə olunur. “McKinsey & Company”nin apardığı araşdırmalar göstərir ki, qadın liderlərin çox olduğu şirkətlərdə maliyyə performansı və innovasiya səviyyəsi daha yüksəkdir.

Qadın liderlərin güclü tərəfləri:

Empatiya və komanda işi – Qadın liderlər əməkdaşlığı və qarşılıqlı dəstəyi təşviq edirlər.

Şəffaflıq və ədalətlilik – Onlar daha açıq ünsiyyət qurur və işçilərin rəyini nəzərə alırlar.

Korporativ sosial məsuliyyətə yüksək diqqət – Qadın liderlərin idarə etdiyi şirkətlər sosial məsuliyyət layihələrinə daha çox üstünlük verir.

Dəyişikliklərə açıq olmaq – Qadınlar adaptasiya və çeviklik baxımından yüksək nəticə göstərirlər.

Sərvanə Rəmixanova / Valyuta.Az / SƏHƏR OXUSU

Seçilən
10
valyuta.az

1Mənbələr