Martın 5-də Azərbaycan və Türkiyə üçün əlamətdar hadisə kimi tarixə düşən İğdır-Naxçvan qaz kəmərinin açılışı ilə region dövlətlərinin, o cümlədən bütün beynəxalq ictimaiyyətin gözü qarşısında Azərbaycanın əsrlərlə keçdiyi inkişaf yolunu bir daha canlandırdı. Qədim Azərbaycan torpağı olan Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı düşməsi məsələsinə toxunan Prezident İlham Əliyev bunun səbəbinin Qərbi Zəngəzurun Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi olduğunu vurğuladı: “Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub”. Prezident İlham Əliyevin açılış mərasimində verdiyi vacib mesajlar deməyə əsas verir ki, tarix hələ qabaqdadır.
Mövzu ilə əlaqədar Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Samir Vəliyev deyib ki, İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin növbəti ifadəsidir:
“Bu layihənin təkcə sosial-iqtisadi deyil, siyasi əhəmiyyəti də böyükdür. Strateji müttəfiqlər olan Azərbaycan və Türkiyə bütün məsələlərdə daim bir-birinin yanında olduqlarını nümayiş etdirir. Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında keçirilən açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi də layihənin önəmini təsdiqləyir. Dövlət başçıları tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq hər iki ölkə arasındakı əlaqələr bütün sahələr üzrə daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Azərbaycan-Türkiyə əlaqələrinin uğurla inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Prezident İlham Əliyevin açılış mərasimində Zəngəzur məsələsinə toxunması xüsusi vurğulanmalıdır. Dövlət başçısının dediyi kimi, Naxçıvan bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən 5 ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozuldu. Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan soydaşlarımızın həyatına çox mənfi təsir göstərib. Xüsusilə, Birinci Qarabağ savaşında torpaqlarımızı işğal edən Ermənistan Naxçıvanı da blokadaya aldı. Münaqişədən əvvəl isə keçmiş sovetlər dövründə Azərbaycanın əsas hissəsi ilə kommunikasiya əlaqələri var idi. 44 günlük Vətən müharibəsinin yekunu olaraq imzalanmış üçtərəfli bəyanatda Naxçıvanla kommunikasiyaların bərpası da öz əksini tapır”.
Samir Vəliyev qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın öhdəliyidir:
“Ermənistanın məqsədi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanın bərpasına mümkün qədər əngəl olmaqdır. Rəsmi İrəvan isə bu layihənin gerçəkləşməsinin qarşısını almaq iqtidarında deyil. Nəzərə almaq lazımdır ki, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının 9-cu bəndində bu məsələ öz əksini tapır. Göründüyü kimi, indiki Ermənistanın ərazisində yerləşən Zəngəzurdan hərəkət maneəsiz olmalıdır. Regionda kommunikasiyaların bərpası təkcə Azərbaycan üçün deyil, bütün ətraf ölkələr üçün böyük önəm kəsb edir. İlk növbədə, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Bununla da Naxçıvanın 30 ildən çox davam edən blokadasına son qoyulacaq. Eyni zamanda, dəhliz fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm həlqə təşkil edəcək. Ermənistan bu məsələni uzatmamalıdır. Nəzərə almaq lazımdır ki, Zəngəzur sovetlər qurulan zaman Ermənistana qanunsuz olaraq verilib. Bu torpaqlar tarixən azərbaycanlılara məxsusdur. Bu gün həmin soydaşlarımızın Qərbi Zəngəzura qayıtmaları onların fundamental hüquqlarından biridir”.
Politoloq Amid Əliyev isə bildirib ki, İğdır-Naxçıvan qaz kəmərinin açılması Azərbaycan və Türkiyə üçün siyasi, iqtisadi baxımdan olduqca mühüm layihədir:
“Vətən müharibəsindən sonra hər iki dövlət arasında strateji, iqtisadi, siyasi, xüsusilə də, hərbi müttəfiqlik məzmun və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdu. Azərbaycan və Türkiyə dövlətinin milli maraqları, o cümlədən təhlükəsizliyi ölkədə geosiyasi dəyişikliklərə uyğun olaraq inkişaf edir. Dövlətlər arasında münasibətlər həm Türkiyə, həm də Azərbaycana birlikdə və ayrı-ayrılıqda real siyasi qüvvəyə, aktora çevrilməsinə əlverişli zəmin yaradır. Qaz layihəsinin açılışında iştirak edən hər iki dövlət başçısı olduqca vacib bəyanatlarla çıxış etdilər. Cənab İlham Əliyevin səsləndirdiyi fikirlər daha vacibdir. Çünki Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması, sülh prosesinin dəstəklənməsi fonunda cənab İlham Əliyev Ermənistan tərəfindən hazırda iqnor edilən, heç bir siyasi addım atılmayan Zəngəzur dəhlizi barədə olduqca vacib məqamları vurğuladı. Tarixi ədalətsizlik şəraitində Azərbaycan xalqının siyasi iradəsinin əleyhinə olaraq xalqın rəyi nəzərə alınmadan keçmiş SSRİ tərəfindən Zəngəzur ərazisi bütövlükdə Ermənistana pay şəklində verilmişdi. Bu günə qədər Zəngəzur məsələsi beynəlxalq konvensiyalarda və beynəlxalq hüquqda lazımi qiymətini almayıb. Vətən müharibəsindən sonra Zəngəzur dəhlizi terminini gündəmə gətirən ölkə başçısı cənab İlham Əliyev bu dəhlizin gec-tez açılacağını, Naxçıvanla Azərbaycan arasında birbaşa nəqliyyat əlaqəsinin olmasını dəfələrlə vurğulayıb. Keçmişdə qalmış 30 il ərzində Naxçıvanın blokada şəraitində yaşaması, oradakı insanlarımızın nəqliyyat baxımından əziyyət çəkmələri hər zaman Azərbaycan dövlətinin, mərkəzi hakimiyyətin diqqətində və nəzərində olub. Zəngəzur dəhlizinin açılması ən birinci Naxçıvanın blokadadan çıxarılması, oradakı insanlarımızın həyat şəraitinin yüksəldilməsi, iqtisadi dividentlərin əldə edilməsi regional olaraq bölgənin iqtisadi inkişafına təkan verə biləcək addım olub. Hesab edirik, yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılmasının reallaşması faktına da birlikdə şahidlik edəcəyik. Regional qüvvələr olan Türkiyə, Rusiya, İran, hətta Çin, ABŞ-nin yeni kabineti belə Zəngəzur dəhlizinin açılmasında olduqca maraqlıdır. Çünki hər bir dövlət burada öz iqtisadi və siyasi dividentlərini götürəcək. Fakt budur ki, həmin ərazi tarixi, hüquqi Azərbaycan torpaqları olaraq Azərbaycan xalqının ziddinə keçmiş SSRİ hakimiyyəti tərəfindən Ermənistana verilib. Sanki ermənilər həmin ərazilərin guya Azərbaycana aid olmaması kimi bir siyasət həyata keçirmişdilər. Erməni siyasi hakimiyyəti tərəfindən toponimlər dəyişdirilmiş, tarixi abidələr dağıdılmış, ərazilər şəkilləndirilmiş, coğrafiyası dəyişdirilmişdi. Bütün bunlara baxmayaraq, ötən əsrin əvvəlində baş verən bu proseslər bu gün də Azərbaycan dövləti, xalqı və ictimaiyyəti üçün olduqca aktualdır. Zəngəzur dəhlizinin açılması və həmin ərazilərə Qərbi azərbaycanlıların qayıtması prosesi bu gün də aktiv şəkildə Azərbaycan hökuməti tərəfindən dəstəklənir. Ölkə başçısı da çıxışında dəfələrlə bildirib ki, Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtmaq hüquqları var və bu hüquq beynəlxalq aləmdə, beynəlxalq münasibətlərdə ən yüksək şəkildə tanınmalı və təsbit edilməlidir. Buna görə də cənab İlham Əliyevin yeni qaz kəmərinin açılışında Zəngəzurla bağlı fikirlər səsləndirməsi heç də əbəs deyildi. Ölkə başçısı dəhlizin Naxçıvanın Azərbaycanın Qərb rayonları ilə birləşdirəcək vasitə olacağını da vurğuladı. Bu proseslərdə Türkiyənin Azərbaycanın yanında olması, siyasi, iqtisadi və digər sahələrdə dəstək verməsi də yüksək səviyyədə qiymətləndirildi. Bütün bunlar deməyə əsas verir ki, yaxın gələcəkdə məhz Zəngəzur dəhlizinin açılış mərasiminə birlikdə şahidlik edəcəyik”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova