AZ

ABŞ-ın Ukraynada müharibəyə son qoymaq üçün səyləri : Hadson İnstitutunun eksperti Lyuk Koffi şərh edir

Hadson İnstitutunun eksperti Lyuk Koffi Amerikanın Səsinə müsahibədə ABŞ administrasiyasının Ukraynada müharibəyə son qoymaq üçün səyləri, ABŞ-ın Rusiya ilə bağlı strategiyası, Avropa ölkələrinin Ukraynaya dəstək planlarını şərh edib.

Amerikanın Səsi: Prezident Tramp Konqresə müraciəti zamanı prezident Zelenskidən müharibəni dayandırmaq üçün danışıqlara başlamaq istəyini ifadə edən məktub aldığını qeyd edib. Prezident Tramp onun sözlərilə, “bu mənasız müharibəyə son qoymağın vaxtıdır” deyib. ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Valz bildirib ki, ABŞ sürətlə sülh danışıqlarına başlamaq və Ukrayna ilə təbii ehtiyatlar haqqında sazişi yekunlaşdırmaq üçün işlıəyir. ABŞ müharibəyə necə son qoymağı planlaşdırır? Münaqişəni həll etmək üçün ABŞ-ın planları nədən ibarətdir?

Lyuk Koffi: Prezident Tramp belə görünür, hər iki tərəfi, ukraynalıları və rusları danışıqlar masası ətrafında oturmağa və sülhün bəzi şərtləri ilə razılaşmağa inandıra biləcəyini düşünür. Lakin reallıq ondan ibarətdir ki, bu, prezident Trampın düşündüyündən qat-qat çətindir.

Prezident Tramp müəyyən rıçaqlara malikdir. Onun ukraynalılara silah və yardım vermək kimi imkanları var. Ruslar üzərində o, xüsusilə Rusiya iqtisadiyyatının xam neft sektorunu hədəf alan sanksiyaları artırmaq rıçaqlarına malikdir. Təbii ki, o, Ukraynaya silah tədarükünü artıra bilər və bu, Rusiya üzərində təzyiqi artıra bilərdi. Amma indi belə görünür ki, növbəti addım Rusiya tərəfindən atılmalıdır. Prezident Tramp sülh prosesinə rəhbərlik etmək istədiyini bildirib. Prezident Zelenski buna hazır olduğunu açıq şəkildə bəyan edib və hətta məhdud atəşkəs təklif edib. İndi biz Kremlin nə edəcəyini gözləyirik.

Amerikanın Səsi: Prezident Zelenski Ukrayna üçün təhlükəsizlik qarantiyalarının vacibliyini vurğulayıb. Zelenski və onun hökuməti bu qarantiyaları ölkənin suverenliyi və müdafiəsi üçün vacib hesab edir. Ukraynanın hansı konkret təhlükəsizlik zəmanətlərinə ehiyacı var? ABŞ Ukraynaya hansı qarantiyları verə bilər?

Lyuk Koffi: Mən prezident Zelenskinin nəyə görə təhlükəsizlik qarantiyaları istədiyini tam başa düşürəm. Onların narahatlığını anlamaq üçün Ukraynanın yaxın tarixinə nəzər salmaq kifayətdir. Bilirsiniz ki, 1990-cı illərdə onlar nüvə silahlarını təhvil verdilər və Rusiya, Britaniya və ABŞ heç kimin onlara hücum etməyəcəyinə dair təhlükəsizlik qarantiyaları verdi. 2014-cü ildə Rusiya Krımı işğal etdikdən sonra Ukrayna, Avropa və Rusiya liderləri arasında müxtəlif atəşkəs rejimləri haqqında onlarla danışıqlar aparıldı və nəticədə bu atəşkəslərin hamısı pozuldu.

Beləliklə, mən başa düşürəm ki, bu dəfə prezident Zelenski nə üçün gələcəkdə Rusiya tərəfindən təcavüzün olmayacağına dair konkret təhlükəsizlik zəmanəti istəyir. Bunun necə görünə biləcəyinə gəlincə, bunu söyləmək hələ tezdir. Amma belə görünür ki, burada Türkiyə də daxil olmaqla, Avropanın müxtəlif ölkələrinin sülhməramlı qüvvələri birbaşa rol oynayacaq və yerdə əsgəri qüvvə mövcud olacaq. Və buna paralel olaraq, ön cəbhədə yerləşəcək biznes və mədən şirkətləri şəklində Amerikaınn mövcudluğu olacaq, çünki onlar orada bizneslə məşğul olacaqlar. Amerikanın, bizneslərin və Avropa qüvvələrinin birgə mövcudluğu yəqin ki, Ukraynanın təhlükəsizliyi üçün qarantiyanı təmin edəcək. Bu, Rusiyanın yenidən hücumunu dayandırmağa kifayət edəcəkmi? Bunun üçün gözləməliyik.

Amerikanın Səsi: Birləşmiş Ştatlar Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırıb ki, bu da Ukraynanın Rusiyaya qarşı müdafiəsinə mane ola bilər. Milli təhlükəsizlik müşaviri Mayk Valz bildirib ki, administrasiya Ukrayna ilə kəşfiyyat əlaqələrini nəzərdən keçirir. Bu addımın hansı nəticələri ola bilər?

Lyuk Koffi: Bununla bağlı çox detallı məlumatımız yoxdur, çünki bu, həssas məsələdir. Hər iki tərəf, ukraynalılar və amerikalılar paylaşdıqları kəşfiyyat məlumatlarının həcmində dəyişiklik olduğunu təsdiqləyiblər. Bəzi insanlar bütün kəşfiyyat məlumatlarının dayandırıldığını iddia edir. Digərləri isə yalnız hücum xarakterli hərbi əməliyyatlar üçün istifadə oluna bilən kəşfiyyat məlumatlarının dayandırıldığını irəli sürürlər. Belə ki, məsələn, Ukraynaya qanadlı raket zərbəsi endiriləcəksə və ABŞ bunu aşkar etsə, yenə də bu məlumatı paylaşacaqlar.

Lakin bu, Amerikaya ancaq zərər vurur, çünki bu müharibədə ədalətli olmaq Amerikanın maraqlarına uyğundur. Və bu, Ukraynanı güclü mövqedən danışıqlar aparmaq üçün lazım olan silah, material, məlumat və kəşfiyyatla təmin etmək deməkdir. İndi isə bunu etməyin, Ukraynaya bu qədər böyük təzyiq göstərməyin mənası yoxdur. Ümid edirəm ki, ukraynalılara silah və kəşfiyyat məlumatlarının verilməsində istənilən gecikmə müvəqqətidir. Bu, administrasiya rəsmilərinin bizə söylədiyi şeydir ki, bu, müvəqqətidir, lakin biz bu əlaqələri mümkün qədər tez yoluna qoymalıyıq.

Amerikanın Səsi: ABŞ-ın Rusiya ilə münasibətləri ilə bağlı indiki strategiyası nədən ibarətdir? İki həftə əvvəl ABŞ və Rusiya rəsmiləri Ər-Riyadda bir araya gələrək, Ukraynada müharibəyə son qoymağın yollarını müzakirə ediblər. ABŞ-ın Rusiyaya münasibətdə gözlənilən növbəti addımları nədən ibarətdir?

Lyuk Koffi: Donald Trampdan əvvəlki bir çox prezidentlər kimi, istər Corc Buş, istərsə də Barak Obama olsun, o, belə görünür ki, Rusiya ilə anlaşma əldə edə biləcəyini və Rusiyaya etibar edə biləcəyini düşünür. Amma mən sizə zəmanət verə bilərəm ki, əvvəlki prezidentlər kimi, Corc Buş və ya Obama kimi o da Rusiyaya etibar edə bilməyəcəyini öyrənəcək.

Strategiyanın nədən ibarət olduğunu, nəyə görə Rusiya ilə bu yanaşmanı seçdiklərini dəqiq bilmirəm. Bu, düzünü desəm, tapmacadır. Lakin o, tezliklə öyrənəcək ki, Rusiyaya etibar etmək olmaz, çünki Putin 1990-cı illərin sonunda hakimiyyətə gələndən bəri bu belədir. Vladimir Putin bir dəfə də olsun sübut etməyib ki, o, ABŞ-ın tərəfdaşı ola bilər. Və bu, Donald Trampla dəyişməyəcək.

Amerikanın Səsi: Avropa liderləri Ukraynanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstək nümayiş etdirərək Kiyevə təhlükəsizlik zəmanəti verməyə hazır olduqlarını bildiriblər. Avropa ölkələri Ukraynaya lazım olan hərbi yardımı göstərə bilərmi?

Lyuk Koffi: Əgər istəsələr, edə bilərlər. Lakin bunun reallaşması üçün sərt qərarlar qəbul etmək üçün müəyyən siyasi iradə tələb olunacaq. Onlar öz hərbi qüvvlərinə daha çox investisiya qoymalıdırlar. Onlar müdafiə sənayesi bazasına daha çox investisiya qoymalı və müxtəlif Avropa ölkələri arasında ortaq mövqelər tapmaq üçün daha yaxşı iş görməlidirlər.

Amma təbii ki, demək istəyirəm ki, tarix bizə göstərir ki, Avropa işləmək istəsə, bir problemə birlikdə və lazımi resurslarla yanaşmaq istəsə, buna nail ola bilər. Unutmaq olmaz ki, Rusiya iqtisadiyyatı təxminən İtaliya iqtisadiyyatı ilə eyni ölçüdədir. Və unutmaq olmaz ki, Avropada iki nüvə dövləti var, Fransa və Böyük Britaniya. Deməli, bunu etmək istəsələr, edə bilərlər. Sual budur ki, onlar bunu edəcəklərmi?

Amerikanın Səsi: Fransada prezident Makron çıxışında Rusiya təhlükəsi ilə bağlı xəbərdarlıq edib və Rusiyanın həm Fransa, həm də Avropa üçün təhlükəyə çevrildiyini bildirib. Bir çox Avropa liderləri də bu fikirdədir və Rusiyanın ambisiyalarının Ukraynada dayanmayacağına inanırlar. Bu təhlükənin mahiyyəti nədir?

Lyuk Koffi: Rusiyanın 2008-ci ildə Gürcüstana hərbi müdaxiləsi, 2014-cü ildə Krımı ilhaq etməsi, 2022-ci ildə isə Ukraynanın qalan hissəsinə hərbi müdaxilə kimi Rusiyanın Avropaya qarşı aqressiyasının yaxın tarixinə dair dəyərləndirmələr var və unutmamalıyıq ki, bu, 21-ci əsrdə ilk dəfədir ki, bir ölkə digər ölkənin ərazisini hərbi gücdən istifadə edərək ələ keçirir. Buna görə də Avropa Rusiyanı təhlükə hesab edir.

Bununla yanaşı, paralel olaraq bütün bu hibrid müharibələr, hücumlar, kiberhücumlar, seçkilərə müdaxilə ilə nəticələnən siyasi institutlara hücumlar, sualtı kabellərə hücumlar, enerjidən silah kimi istifadə etmə halları var. Bütün bunlar birlikdə Rusiyanın Avropa üçün təhdid olduğunu açıq şəkildə ortaya qoyur. Sual budur ki, onlar bu çağırışı ünvalamaq üçün addım atacaqlarmı?

Amerikanın Səsi: Siz daha əvvəl Türkiyəni qeyd etdiniz. Türkiyə Ukraynaya təhlükəsizlik qarantiyaları məsələsini yaxından izlədiyini bildirib. Prezident Ərdoğan Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə sadiqliyini vurğulayıb. Türkiyə təhlükəsizlik qarantiyalarının verilməsində, bu prosesdə hansı rolu oynaya bilər?

Lyuk Koffi: Hazırda [Türkiyə]ukraynalıları və rusları bir masa ətrafında birləşdirə biləcək azsaylı ölkələrdən biridir. Onlar Ukrayna ilə Rusiya arasında balanslaşdırılmış siyasət aparırlar. Amma tarix göstərir ki, Qara dəniz bölgəsində Türkiyə və Rusiyanın arasında uzun müddətdir davam edən rəqabət, bəzən bir-biri ilə münaqişə mövcud olub. Ona görə də mən prezident Ərdoğanın Ukraynanın ərazi bütövlüyünə hörmət edilməsi ilə bağlı fikirlərini səmimi hesab edirəm və düşünürəm ki, Türkiyə bu danışıqlarda müsbət rol oynaya bilər.

Jurnalist və yazar Dilşad Əliyarlı 



Seçilən
3
visiontv.az

1Mənbələr