AZ

Elvar Osmanov: “Gəncə” klubunun voleybol akademiyasında müasir metodologiyalar əsasında təlimlər keçirilir

Bakı, 8 mart, AZƏRTAC

"Gəncə" klubunun voleybol akademiyası təkcə Gəncədə deyil, ümumiyyətlə, Azərbaycanın qərb bölgəsində voleybolun inkişafında mühüm rol oynayır. Akademiya Gəncə və ətraf rayonlarda gənc voleybolçuların yetişdirilməsi, onların peşəkar səviyyədə inkişaf etdirilməsi və gələcəkdə milli komandaya yeni oyunçular qazandırılması istiqamətində fəaliyyət göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Gəncə” voleybol klubunun prezidenti Elvar Osmanov deyib. O bildirib ki, akademiyanın əsas məqsədi uşaqlar və yeniyetmələr arasında voleybola marağı artırmaq, peşəkar məşqçilərin rəhbərliyi ilə yeni istedadları üzə çıxarmaq, yerli çempionatlara və beynəlxalq turnirlərə iddialı voleybolçular hazırlamaq və Azərbaycan Voleybol Federasiyası (AVF) ilə sıx əməkdaşlıq edərək regionda voleybolu populyarlaşdırmaqdan ibarətdir.

Akademiyanın yüksək səviyyəli infrastruktur və peşəkar məşqçi heyəti ilə təmin olunduğunu vurğulayan E.Osmanov burada müxtəlif yaş qrupları üzrə komandaların formalaşdırıldığını və onlara müasir metodologiyalar əsasında təlimlər keçirildiyini diqqətə çatdırıb. Həmçinin akademiya AVF-nin dəstəyi ilə keçirilən yerli və regional turnirlərdə iştirak edərək gənc oyunçuların təcrübə qazanmasına şərait yaradır.

AVF-nin bölgələrdə həyata keçirdiyi "Volley Kids" layihəsinin voleybolun kütləviləşdirilməsi baxımından mühüm addım olduğunu xatırladan “Gəncə” klubunun rəsmisi bildirib: “Layihənin əsas məqsədi uşaqlara voleybolun əsaslarını öyrətmək, onların idmana marağını artırmaq və gələcəkdə peşəkar karyera qurmaq istəyənlərə dəstək olmaqdır. Bu layihə çərçivəsində Gəncə və ətraf rayonlarda xüsusi voleybol dərsləri təşkil edilir. Peşəkar məşqçilər uşaqlara texniki bacarıqları öyrədir, eyni zamanda, onların fiziki hazırlıq səviyyəsini artırmaq üçün xüsusi proqramlar tətbiq edirlər. Layihə çərçivəsində təşkil olunan turnirlər və festivallar isə uşaqlara həm idman ruhunu aşılayır, həm də onların sosial inteqrasiyasına kömək edir. Bölgələrdə voleybolun inkişafına töhfə verən əsas məqamlardan biri də məktəblərdə bu idman növünün populyarlaşdırılmasıdır. "Volley Kids" layihəsi çərçivəsində məktəblərlə əməkdaşlıq qurulur, xüsusi dərslər və yarışlar keçirilir. Akademiyamız bu prosesdə fəal iştirak edərək məktəblərdə istedadlı uşaqları seçir və onlara peşəkar hazırlıq imkanı yaradır”.

E.Osmanov qeyd edib ki, "AzerGold" QSC gənclərin idmana marağının artırılması və peşəkar idmançıların yetişdirilməsi məqsədilə "Gəncə" klubunun voleybol akademiyasına daimi dəstək göstərir. Şirkət akademiyanın inkişafına töhfə verməklə, yeniyetmə və gənclərin voleybol sahəsində potensiallarını reallaşdırmalarına şərait yaradır. Bu təşəbbüs Azərbaycanın idman ənənələrinin möhkəmləndirilməsinə və yeni istedadların üzə çıxmasına xidmət edir. Vurğulayıb ki, son illərdə Azərbaycan idmanı beynəlxalq arenada mühüm uğurlar əldə edib. Xüsusilə Yay Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazanılan medallar ölkədə idmanın inkişafının bariz nümunəsidir. Voleybol da bu inkişaf prosesindən kənarda qalmayıb. Azərbaycanın qadın voleybol komandaları Avropa miqyasında artıq tanınmış adlardır. Eyni zamanda, kişilər arasında da bu idman növünün inkişafı üçün ardıcıl addımlar atılır.

Seçilən
44
azertag.az

1Mənbələr