“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 26-cı turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 3:1 hesablı qələbəyə sevindikləri oyunla bağlı bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Oyun şəhərdən bir qədər kənarda keçirilsə də, bizi dəstəkləməyə gələn azarkeşlərə təşəkkür edirəm. Çox vacib 3 xal əldə etdik”.
Qurbanov futbolçular arasında yaranmış mübahisəyə də münasibət bildirib:
“Fikir bildiriləsi bir şey yoxdur. Oyun başlayanda rəqib aqressiv idi. Sonda da aqressiya belə hadisəyə çevrildi. Futbolda olan hadisələrdir, kütləvi atışmalar olur. İstəməzdim ki, olsun. Çox aqressiv əl-qol atmaq, hansısa ifadələr işləmək doğru deyil”.
Təcrübəli mütəxəssis yayda yeni transferlər etməyə çalışacaqlarını vurğulayıb:
“Futbolçuların klubları ilə müqaviləsi olur. İstədiyimiz vaxtda rahatlıqla oyunçu götürə bilmərik. Söz verə bilmərəm neçə transfer olacaq. Amma axtarırıq, baxırıq. Dəyişikliklər gözlənilir”.
Qurban Qurbanov Premyer Liqanın növbəti mövsümünün yeni formatla keçirilməsinə və legioner limitinin ləğvinə də toxunub:
“Təbii ki, fərqlər olacaq. Hansı formada olacaq, deyə bilmərəm. Komandaların sayı artır. Fərqli-fərqli oyunlar çox olacaq. Ola bilər ki, çempionat daha da aktivləşləsin. Oyun sayı heç də az deyil. Kubok matçları da olacaq. Əsas keyfiyyətdir. Eybi yox, oyun sayı az olsun, amma keyfiyyət yüksək olsun. Onda inkişaf da olacaq”.
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə komandasının növbəti məğlubiyyətinə belə şərh verib:
“Maraqlı oyunun şahidi olduq. Yaxşı, dinamik oyun getdi. İndiki durumda kuboka görə dörd gündən bir tsikldə oynayırdıq. Komanda olaraq sıxıntılarımız var idi. Futbolçulara təşəkkür edirəm. Həmin sıxıntını meydanda bizə göstərmədilər. Uduzduq. “Qarabağ” yaxşı komandadır. Amma məğlubiyyəti unudub, qarşıdakı matça hazırlaşmalıyıq”.
Elmar Baxşıyev də meydandakı davaya və hakim qərarlarına münasibətini açıqlayıb:
“Həmişə gördüyümü deməyə çalışmışam. Heç kimdən çəkinəcəyim də yoxdur. Mənim dediklərimi həmkarlar başqa cür yozurlar. “Elmar donqundanır, zırıltısı gəlir” deyirlər. Həqiqəti həqiqət kimi göstərmək önəmlidir. Üç sarı vərəqəsi olan oyunçularımıza çox rahat “sarı” verirlər. Uzun mövzudur. Ümid edirəm ki, komanda olaraq belə çətinlikləri də adlayacağıq. Mənə də təəccüblü gəldi. 20 nəfər bir-biri ilə mübahisə edir. Bir nəfəri günahkar çıxarmaq acizlikdir. Felipe Santosu belə sındıracaqlarını düşünürlərsə, çətin. Gördüyüm odur ki, komandaya təsir edirlər. Möhkəm olmalıyıq. İnanıram ki, komandan layiqli cavab verəcək. Mənim işim komandanı analiz etmək, məşqə, oyunlara hazırlamaqdır. Detallara girsəm, komandanı unudacağam. Bəzən mətbuat konfransında bir jurnalist də olmur. Ona görə çox şeyi deyə də bilmirik. Vandersona necə sarı veriblər, baxın. Mən məşqçiyəm. Məşqçi ilə mübarizə aparmazlar. Möhkəm olmaq lazımdır. Sıxıntılar görünən idi. Heyətimizdə 5-6 oyunçu yoxdur. Düzgün təhlil edib, qarşıdakı matçlara köklənəcəyik. Təzyiq altında işləməyə alışmışam. “Qəbələ”də də o təzyiqi hiss edirdim. Mənim üçün yeni deyil. Məşqçinin 5-6 futbolçusu olmayacaqsa, sıxıntı yaşayacaq. Çempionat bitməyib. İnanıram ki, komanda şəklində hər şeyə düzgün yanaşıb, irəliləyəcəyik”.