AZ

Penitensiar xidmətdə Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirildi - FOTOLAR

Ədliyyə Nazirliyinin Penitensiar xidmətində 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

"Unikal" xəbər verir ki, Xidmətin Baş idarəsində qadın əməkdaşların iştirakı ilə təşkil olunmuş iclasda ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov çıxış edərək ədliyyə naziri III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədovun və öz adından xanımları bayram münasibətilə təbrik edib, onlara gül dəstələri və hədiyyələr təqdim olunub. Tarixən milli əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində duran Azərbaycan qadınının öz iradəsi, mərdliyi və sədaqəti ilə dövlətimizin bugünkü ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında müstəsna rol oynadığı, istər ailədə, istərsə də cəmiyyətdə ona göstərilən etimadı layiqincə doğrultduğu bildirilib. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun artırılması üçün dövlətimiz tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyi vurğulanıb. Bu gün bütün dövlət qurumlarında olduğu kimi, Penitensiar xidmətdə də qadın əməkdaşların sayının ilbəil artdığı, onların kişi əməkdaşlarla birgə ən çətin tapşırıqların öhdəsindən layiqincə gəldikləri qeyd edilib.

Beynəlxalq Qadınlar Günündə azadlıqdan məhrum edilmiş qadınlar da unudulmayıblar. Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınların iştirakı ilə tədbirlər keçirilib.

Bu əlamətdar gün münasibətilə nazir müavini qadın cəzaçəkmə müəssisəsinə baş çəkib, müəssisənin xanım əməkdaşlarına və məhkumlara ədliyyə nazirinin təbriklərini çatdırıb, onlara hədiyyələr və gül dəstələri təqdim edib.

“Azercell Telecom”un “Kitab klubu” layihəsi çərçivəsində mütaliə və qiraətə marağı olan məhkum qadınlarla bayram görüşü keçirilib, onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Həmçinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Badminton Federasiyasının birgə təşkilatçılığı ilə “İdman həyatdır” adlı layihə çərçivəsində məhkum qadınlar arasında badminton turniri təşkil olunub. Turnirin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Seçilən
29
unikal.az

1Mənbələr