AZ

İcra başçısı bu tədbirdə kövrəldi-VİDEO » AzadMedia.az


8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Abşeron rayonunda təntənəli bayram bayram tədbiri keçirilib.

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, regional idarələrin və rayonun idarə-təşkilat rəhbərləri, şəhid ailələri iştirak edib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abşeron RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük önəm vermiş və onların dövlət idarəçiliyinə cəlb edilməsində mühüm addımlar atmışdır. Bu siyasətin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirtildiyini, dövlət idarəçiliyinin ən yüksək pillələrində qadınların təmsil olunduğunu qeyd edən RİH başçısı bildirib ki, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın Azərbaycan xanımına xas olan bütün nəcib xüsusiyyətləri özündə əks etdirən fəaliyyəti nəticəsində bu gün Azərbaycanda qadın hərəkatı keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir.

Azərbaycan qadınının tariximizdə oynadığı əvəzsiz rolundan, onların Vətən Müharibəsində göstərdiyi fədakarlığından, ölkəmizin ictimai həyatına verdikləri töhfələrdən bəhs edən Abdin Fərzəliyev şəhid analarını, həyat yoldaşlarını və abşeronlu xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Gənclərin təlim-tərbiyəsində, vətənpərvərlik ruhunda yetişməsində Azərbaycan analarının əvəzsiz rolunun olduğunu qeyd edən RİH başçısı Qarabağımızın işğaldan azad edilməsində qəhrəmanlıq göstərən şəhidlərimizin heç zaman unudulmayacağını, onların tariximizdə əbədi yaşayacağını söyləyib.

Çıxış edən Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova Azərbaycan qadınlarını təbrik edərək qadınlarımızın tariximizdə oynadığı roldan, cəmiyyətimizin inkişafı üçün həyata keçirdikləri fəaliyyətdən danışıb, Vətən Müharibəsində xalqımız üçün fədakarlıq, vətənə sonsuz sevgi nümayiş etdirdiklərini qeyd edib.

Daha sonra çıxış edən Vətən Müharibəsi şəhidi Vidadi Zalovun atası Nizami Zalov milli əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan Azərbaycan qadınlarının öz iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynadığını, müstəqil Azərbaycanın bugünkü istimai siyasi həyatında qadınlarımızın əvəzolunmaz yerinin olduğunu, onların ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında öndə gedərək göstərilən etimadı layiqincə doğrultduqlarını bildirmişdir.

Çıxış edən Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim Teyyibə Hüseynova Azərbaycan qadınının tarix boyu öz mübarizliyi ilə tanınmasından, qadınlarımızın ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etməsindən, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməsindən danışıb.

Tədbirdə iştirak edən şəhid anaları və xanımlarına hədiyyələr təqdim edilib.

Bayram tədbiri tanınmış incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı ilə davam edib.

Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir.

Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.
Seçilən
5
1
azadmedia.az

2Mənbələr