"Araz-Naxçıvan" Misli premyer-liqasının evdə keçirilən 26-cı tur matçında "Qarabağ"a uduzdu - 1:3.
"Football-plus.az" xəbər verir ki, "qırmızı-ağlar"ın baş məşqçisi Elmar Baxşıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Oyun maraqlı və dinamik keçdi. Kubok oyunlarına görə dörd gündən bir meydana çıxmalı olduq. Həmin dövrdə yaşanan sıxıntıları hiss etdirmədiyi üçün futbolçularıma təşəkkür edirəm. "Qarabağ" yaxşı komandadı. Məğlubiyyəti unudub növbəti oyuna hazırlaşacağıq.
- Hakimin qərarına görə yeganə günahkar Felipe Santosdu. Halbuki Elvin Cəfərquliyev onu boğurdu...
- Heç kimdən çəkinmirəm. Həmişə gördüyümü demişəm. Amma dediklərimi başqa cür yozanlar var. Deyirlər, Elmar donquldanır, zırıltısı gəlir... Həqiqəti həqiqət kimi göstərmək lazımdı. Hesabında üç sarı vərəqə olan oyunçularımızı asanlıqla cəzalı duruma salırlar. Bu gün 20 futbolçu bir-biriylə mübahisə edir. Bir nəfər "qırmızı" alır. Bu acizlikdi. Santosu bu yolla sındıracağını düşünənlər yanılırlar. Ümid edirəm ki, belə çətinliklərin öhdəsindən gələcəyik.
- Qara Qarayevin son durumu necədi?
- Mikrozədəsi var.
- Sizi sındırmaq istəmələrinin səbəbi nədi?
- Bilmirəm. Nəsə desəm, yenə yozacaqlar. Sadəcə, komandaya mənfi təsir etmək istədiklərini görürəm. Möhkəm olmalıyıq. İnanıram ki, futbolçularım lazım olan cavabı meydanda verəcək. Mənim işim isə rəqibləri analiz etmək, komandamı oyunlara hazırlamaqdı. Başqa məsələlərə baş qoşsam, işimdən yayınacam. Bəzən mətbuat konfransında cəmi bir jurnalist olur. Bu üzdən, çox şeyi deyə bilmirik.
- Hədəf "Araz-Naxçıvan"dı, yoxsa Elmar Baxşıyev?
- Yəqin ki, məşqçiylə mübarizə aparmazlar...
- Axı "Qəbələ"də də sizə təzyiq göstərilirdi...
- Düzdü. Baş verənlər mənim üçün yenilik deyil. Bəllidi ki, baş məşqçinin 5-6 futbolçusu zədəli və ya cəzalıdısa, çətinliklə üzləşəcək. Çempionat hələ bitməyib. Belə hadisələrə düzgün yanaşmalıyıq.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta