AZ

Tehran əsas müttəfiqini itirdi: İki ordu hərəkətə keçdi

Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi maşın karvanının Suriyanın İdlib şəhəri istiqamətində hərəkət etdiyinə dair məlumatlar yayılıb. Türkiyəli hərbçilərin İdlibə Bab əl-Hava sərhəd-keçid məntəqəsindən daxil olduqları bildirilir. 

Həmçinin Suriya hökumətinə tabe olan silahlı qüvvələr də keçmiş prezident Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələrlə mübarizə aparmaq üçün Latakiya və Tartus şəhərləri istiqamətində hərəkətə keçiblər. Əsəd tərəfdarları ilə yaşanan qarşıdurmada artıq onlarla insanın öldüyü, çox sayda yaralının olduğu bildirilir.

Suriyadakı vəziyyət necə nəzarət altına alınacaq? Türk ordusunun hərəkətə keçməsi nədən xəbər verir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Suriyada baş verən hadisələr burada müxtəlif qruplarının toqquşması kimi analiz edilə bilər:

“Birinci olaraq Devrilmiş prezident Bəşər Əsədə bağlı qruplar yeni hökumətin tərkibində təmsil olunmağa çalışır, həmçinin əllərində olan sərvətlərdən imtina etmək istəmirlər. Əhməd əl-Şara hökumətində olan şəxslər isə müxtəlif qrupları təmsil edirlər. Bunlar təkcə onun öz tərəfdarları deyil. Eyni zamanda Əsədin tərəfdarları da yeni hakimiyyətdə təmsil olunmağa can atırlar. Bu səbəbdən öz güclərini göstərməyə çalışırlar.

İkinci vacib məsələ isə İranın burdakı mövqeyidir. Əsəd devrildikdən sonra Tehran bölgədəki ən güclü müttəfiqindən məhrum olmaqla bərabər, Yaxın Şərqdəki proksilərinə dəstək göndərmək üçün tranzit yolunu da itirdi. İran Suriyada əlindən çıxan imtiyazları geri qazanmaq istəyir.

zeynal
Zeynal Əmrəliyev

Üçüncü maraq qrupu isə Rusiyadır. Suriyada xeyli sayda rus hərbi bazaları var. Onların gələcək taleyi ilə bağlı danışıqlar gedir. Kreml bu məsələdə əl-Şara hökumətinə təzyiq üçün Əsədin tərəfdarlarından istifadə edə bilər. Üsyançıların Rusiyadan hava dəstəyi istəməsi və Moskvanın hələ ki, sakit qalması bu ehtimalları gücləndirir”.

Politoloq bildirib ki, Suriyanın bütövlüyü və mövcud hökumətin ayaqda qalması Türkiyə üçün vacibdir:

“Suriya savaşından qalib çıxan ölkə faktiki olaraq Türkiyə oldu. Əl-Şara hökuməti eyni zamanda Səudiyyə Ərəbistanı tərəfindən də ciddi şəkildə dəstəklənir. Türkiyə Suriya hökumətinə dəstək göstərməkdə davam edəcək. Böyük ehtimalla yaxın zamanda üsyan yatırılacaq. Çünki həm sayları azdır, həm də bir o qədər güclü texnikaları yoxdur. Ancaq bu cür üsyanlar Suriya ərazisində zaman-zaman olacaqdır. Çünki bu ölkə olduqda fərqli siyasi, etnik və dini qrupların toplaşdığı ərazidir”.

Seçilən
14
konkret.az

1Mənbələr