AZ

"Porsche SE" 2024 proqnozlarını açıqladı - Milyardlarla dollar zərər gözlənilir

"Porsche SE"* şirkəti  2024-cü ildə təxminən 20 milyard avro (21,7 milyard dollar) vergi sonrası zərər gözlədiyini açıqlayıb.

Valyuta.Az bu barədə "Reuters"ə istinadən xəbər verir ki, buna şirkətin "Volkswagen"dəki payının azalması səbəb olub.

Bu, ilk dəfə dekabr ayında elan edilib və həm "Volkswagen", həm də "Porsche AG"nin** bazar dəyərindəki əhəmiyyətli azalmanı əks etdirir. "Porsche SE" hazırda "Volkswagen"in 31,9%-nə və "Porsche AG"nin 12,5%-nə sahibdir.  

Şirkət həmin vaxt vergi sonrası mənfəət proqnozunu geri çəkib. O dövrdə "Volkswagen" zavod bağlanmaları və əməkhaqqı ilə bağlı həmkarlar ittifaqları ilə ciddi qarşıdurma yaşayırdı ki, bu da illik planlaşdırmaya mənfi təsir göstərirdi.  

Tam illik nəticələrini 26 martda açıqlayacaq "Porsche SE" bildirib ki, "Volkswagen" və "Porsche AG"dəki səhmlərinin dəyərsizləşməsi – nağd pul hərəkətinə təsir etməsə də – müvafiq olaraq 19,9 milyard avro və 3,4 milyard avro təşkil edib. Bu məbləğlər əvvəlcədən açıqlanan diapazonun yuxarı həddindədir.  

Bundan əlavə, "Porsche SE"nin 2024-cü ilin sonuna qədər xalis borcunun 5,2 milyard avroya çatacağı gözlənilir. Şirkət ötən il üçün dividend ödəməyə davam edəcəyini təsdiqləsə də, bununla bağlı ətraflı məlumat verməyib.
  
İZAHAT:

"Porsche SE"* (Porsche Automobil Holding SE) – "Porsche AG" və "Volkswagen Group" üzərində səhmlərə sahib olan holdinq şirkətidir.
"Porsche AG"**  (Dr. Ing. h.c. F. Porsche AG)  – Avtomobilləri dizayn edən, istehsal edən və satan avtomobil şirkətidir.

Rəhim

Seçilən
21
valyuta.az

1Mənbələr