Amerika lideri Donald Tramp ABŞ-yə idxal olunan mallara tətbiq edilən rüsumların yenidən artırılmasını istisna etməyib.
“Report” xəbər verir ki, bu barədə Tramp “Fox News” müsahibəsində danışıb
O, gələcəkdə ABŞ-nin tarif siyasətində dəyişikliklər edə bilərmi sualına cavabında deyib: “Biz bəzi tarifləri qaldıra bilərik. Mən onları aşağı salacağımızı düşünmürəm, amma artıra bilərik. Baxın, ölkəmiz uzun onilliklərdir ki, qarət olunub. Biz daha buna imkan verməyəcəyik”.
Martın 4-də ABŞ administrasiyası Kanada və Meksikadan demək olar ki, bütün idxal olunan mallara 25% gömrük rüsumları tətbiq edib, həmçinin Çindən gələn mallara tətbiq edilən tarifləri 10%-dən 20%-ə qaldırıb.
Martın 6-da Tramp üçtərəfli ticarət sazişi çərçivəsində Kanada və Meksikadan gətirilən mallara 25 faizlik idxal tariflərinin tətbiqini aprelin 2-dək təxirə salmaq barədə sərəncam imzalayıb. O, qeyd edib ki, həmin tarixdən sonra belə rahatlamalar olmayacaq.