AZ

Rumıniyada Seçki Etirazları nəticəsində minlərlə insan küçələrə axışıb

Buxarest, 10 mart, AZƏRTAC

Rumıniyada seçki prosesinə müdaxilə iddiaları və prezidentliyə namizəd Kalin Corceskunun qeydiyyata alınmaması fonunda kütləvi etiraz aksiyaları davam edir.

AZƏRTAC xəbər verir ki, paytaxt Buxarestdə minlərlə insan küçələrə çıxaraq Mərkəzi Seçki Komissiyasının qərarına qarşı çıxıb.

Ötən ilin noyabrında keçirilən prezident seçkilərinin birinci turunda Corcesku 22,94% səs toplayaraq lider olsa da, Rumıniyanın Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini ləğv edib. Qərarın əsas səbəbi kimi onun kampaniyasında xarici təsirin, xüsusilə də Rusiyanın rolunun araşdırılması göstərilib. Yeni seçkilər 2025-ci il 4 may tarixinə təyin edilib, lakin etirazçılar bu qərarla razılaşmır və ləğv edilmiş seçki nəticələrinin bərpasını tələb edirlər.

Etirazlara millətçi AUR partiyasının lideri Corc Simion rəhbərlik edir. O, aksiyaları "demokratiya uğrunda mübarizə" adlandıraraq, insanların son nəticəyə qədər meydanlarda qalacağını bildirib. Paytaxtın Universitet meydanında artıq 2500-dən çox insan toplaşıb və bu sayın 50 minə çatacağı gözlənilir.

Hökumət qüvvələri bəzi bölgələrdə gözyaşardıcı qaz tətbiq edib, lakin nümayişçilər geri çəkilmək niyyətində olmadıqlarını bildirirlər. Bu hadisələr ölkədə siyasi gərginliyi artıraraq, hakimiyyətin gələcək addımları ilə bağlı qeyri-müəyyənlik yaradır.

 
İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Seçilən
13
1
azertag.az

2Mənbələr