AZ

Aydın Süleymanlı: “Aeroflot Open” turnirindəki nəticəmin əsas səbəbini yorğunluqla əlaqələndirirəm”

“Aeroflot Open” turnirindəki nəticəmin əsas səbəbini yorğunluqla əlaqələndirirəm.

Bunu “Report”a açıqlamasında Azərbaycan şahmatçısı Aydın Süleymanlı Rusiyanın paytaxtı Moskvada keçirilən “Aeroflot Open” beynəlxalq turnirindəki nəticəsini dəyərləndirərkən deyib.

Yarışı 36-cı yerdə başa vuran gənc qrossmeyster oyunlarının istədiyi kimi alınmadığını söyləyib:

“Yarışa yaxşı başlamışdım, sonra çox pis oynadım. Son dönəmlərdə çox oynadığım üçün bir qədər yorğunluq var idi. Oyunlara köklənə bilmirdim. Əsas səbəbi yorğunluqla əlaqələndirirəm. Hər oyun çətin idi. Yaxşı formada olmayanda çətinlik çəkirsən. Məqsəd, təbii ki, 2020-ci ildəki uğuru təkrarlamaq, çempionluğa oynamaq idi. Lakin oyunlarım istədiyim kimi alınmadı”.

O, qarşıdan gələn Avropa çempionatında iştirak edəcəyini də vurğulayıb:

“Martın 14-də Avropa çempionatına qatılacağam. Ümid edirəm ki, Rumıniyada keçiriləcək yarışda daha yaxşı nəticə göstərəcəyəm. Avropa çempionatındakı hədəflərimə gəlncə, sadəcə, yaxşı oyun göstərmək istəyirəm”.

Qeyd edək ki, “Aeroflot Open” beynəlxalq turnirində müxtəlif ölkələrdən 144 şahmatçı mübarizə aparıb.

Seçilən
27
report.az

1Mənbələr