AZ

ŞAD XƏBƏR: Bu şəxslərə faizsiz kredit VERİLƏCƏK

Bəzi ölkələrdə gənc ailələr üçün müəyyən güzəştlər və ya mükafatlar nəzərdə tutulub. Məsələn, bir müddət əvvəl Cənubi Koreyanın Busan şəhərində ailə quran cütlüklərə 38 min dollar veriləcəyi açıqlanmışdı. Səudiyyə Ərəbistanında isə dövlət evlənəcək gənclərə ya maddi yardım verir, ya da aşağı faizli kredit təqdim edir. Həmçinin Rusiya, Qazaxıstanın da bəzi bölgələrində bu ənənə var.

Azərbaycanda da nikah sayının azalması fonunda bu cür yardımlar nəzərdə tutula bilərmi? Gəncləri evliliyə təşviq etmək üçün cərimələr yoxsa mükafatlar daha effektlidir?

Globalinfo.az-a danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, təkcə Azərbaycanda deyil, qlobal miqyasda insanların ailə qurmağa maraqları azalıb:

“Hətta bəzi ölkələrdə bu, sindrom halını alıb. Gənclər o qədər virtual aləmə kökləniblər ki, artıq ünsiyyət ehtiyaclarını da burada realizə edirlər. Bu fonda evlənməyə maraq göstərmirlər. İndi gənclər rahat həyat yaşamaq istəyirlər, nəinki, uşaq, ailə qayğılarını daşımaq. Bu, qlobal tendensiyadır. Azərbaycan üçün xarakterik olmasa da, son bir neçə ildir ölkəmizdə də nikaha girənlərin sayında azalma müşahidə olunur. Həmçinin təbii artımda ləngimə var. İlk növbədə gənclərin ailə qurmağa maraqları niyə azdır, bunu araşdırmaq lazımdır. Əvvəlkilər düşünürdü ki, tez evlənənlə, tez oyanan qazanar. Gəncləri 18 yaşı tamam olan kimi evlənməyə meyilləndirirdilər. Onlar da həyatlarını buna kökləmişdilər. Amma indiki gənclər əvvəlcə təhsil almaq, karyera qurmaq istəyir, daha sonra ailə qurmaq. Buna görə də bu gün nikah müqavilələrinin sayında azalma var”.

Ekspert bildirib ki, hökumətin gənclər siyasəti ilə bağlı strategiyası var:

“İpoteka və Kredit Zəmanət Fondunda gənc ailələr üçün müəyyən güzəştlər nəzərdə tutulub. Hesab edirəm ki, bu, onların daha böyük kateqoriyasını əhatə etməlidir. Təbii ki, gənclər arasında məşğulluğu da artırmaq lazımdır. Rəsmi statistikaya görə, onlarla bağlı işsizlik 11 faiz təşkil edir. Deməli bu barədə də əlavə tədbirlərə ehtiyac var. Nə qədər işləyə bilsələr, ailə qurmaqla bağlı da motivasiyaları olar. Eyni zamanda mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində regionlarda pay torpaqlarının ayrılması, şəhərdən daha az faizlə ipoteka kreditləri vermək lazımdır. Paytaxta axın olmaması üçün də bu, vacibdir. Təbii artım hər zaman regionlarda daha üstün olub. Əgər gənclər paytaxta axın etsə, bu, demoqrafik vəziyyətə də təsir etmiş olur. Hətta oradakı gənclərə faizsiz kreditlər də verilə bilər. Məsələn, Türkiyədə gənc ailələr üçün fond var və onlara faizsiz kredit verilir, 4 ildən sonra hissə-hissə ödəməyə başlayırlar. Oxşar strategiyanın Azərbaycanda da tətbiqi mümkündür. Ümumiyyətlə isə ailə qurmaq seçimdir və burada inzibati tədbirlərə yer yoxdur”.

// APress.az

Seçilən
1
3
apress.az

4Mənbələr