AZ

Nüfuzlu hüquq institutları və QHT-lərlə iş birliyi qurulmalıdır

44 günlük Vətən müharibəsi başlayana qədər işğal edilmiş torpaqlarımız, erməni terrrorçuları tərəfindən törədilmiş dəhşətli vəhşiliklərə məruz qalmış və öldürülmüş vətəndaşlarımızın hüquqlarının qorunması istiqamətində lazımi addımlar atılıb. Beynəlxalq ictimaiyyət qaşısında çıxışlar edilərək həqiqətlərin dünyaya çatdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb. Əfsuslar olsun ki, görülən tədbirlərə baxmayaraq, beynəlxalq təşkilatlar səssizlik nümayiş etdiriblər. Vətən müharibəsində ermənilərin törətdiyi terror aktları ilə bağlı da ötən 5 ilə yaxın müddət ərzində beynəlxalq məhkəmələrə müraciət edilib. Və Azərbaycan həqiqətlərin dünyaya çatdırılması uğrunda mübarizəsini davam etdirir.

Xalqımıza qarşı erməni terrorçuları tərəfindən sülh və insanlıq əleyinə törədilmiş cinayətlərin dünyaya çatdırılması istiqamətində bundan sonra daha hansı işlər görülə bilər?

Mövzu ilə bağlı sualımızı cavablandıran politoloq Taleh Əliyev bildirdi ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayət əməllərinin beynəlxalq aləmdə ifşa edilməsinə kompleks yanaşılmalıdır. Bunun üçün də bir neçə istiqamətdə fəaliyyətə xüsusi diqqət yetirilməlidir:

“Birincisi tarixi aspektdən yanaşılmalıdır. İrəvan xanlığı ərazisində Rus çarının fərmanı ilə 1829-cu ildə yaradılan erməni vilayətindən başlayaraq SSRİ Ali Sovetinin qərarı ilə 1948-53-cü illər deportasiyasına qədər olan dövrdə törədilən cinayətlər tarixi faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. İkincisi, 1988-ildən soydaşlarımızın Qərbi Azərbaycandan, yəni indiki Ermənistan ərazisindən qaçqın düşməsi və 1990-cı illərdən Dağlıq Qarabağ və ətraf rayonlardan vətəndaşlarımızın məcburi köçkünə çevrilməsi nəticəsində onların, insan, vətəndaş və mülkiyyət hüquqlarının pozulmasına görə Ermənistan dövlətinə qarşı təzminat davasının və bu cinayətləri törədən erməni canilərinə qarşı cinayət işinin açılmasını beynəlxalq təşkilatlardan tələb etməliyik. Üçüncüsü, erməni vəhşiliyinin qurbanları olan soydaşlarımızın başına gətirilən faciələrdən bəhs edən sənədli filmlər hazırlayaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq lazımdır”.

Taleh Əliyev ermənilərin Xocalıda və digər yerlərdə törətdikləri vəhşiliyi güya onlara qarşı törədilmiş cinayət kimi uzun illər dünyaya təqdim etməyi bacardıqlarını vurğuladı. Politoloq heasb edir ki, bu səbəbdən təbliğati işlərə xüsusi önəm verilməlidir.

Araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalının fikrincə, beynəlxalq hüquq aspektindən baxsaq, Azərbaycan yalnız beynəlxalq məhkəmələrdə iddialar qaldırmaqla yetinməməli, paralel olaraq, hüquqi-siyasi mexanizmləri daha geniş miqyasda işə salmalıdır. Bizcə, bu çərçivədə ən azı, indi vurğulayacağımız addımlar strateji önəm daşıya bilər:

“Birincisi, Universal yurisdiksiya (Jurisdictio Universalis) əsasında iddialar. Müxtəlif ölkələrin məhkəmə sistemlərində universal yurisdiksiya prinsipi tətbiq edilə bilər. Yəni, müharibə və insanlıq əleyhinə cinayətləri törətmiş şəxslərin üçüncü ölkələrdə məsuliyyətə cəlb olunması üçün hüquqi mexanizmlər işə salına bilər.

İkincisi, Beynəlxalq tribunalın formalaşdırılmasına diqqət yönəltmək olar. Yəni Ermənistanın müharibə cinayətlərinin müzakirə olunması üçün BMT çərçivəsində xüsusi tribunalın yaradılmasına təşəbbüs göstərmək və bununla bağlı müttəfiq dövlətlərin dəstəyini qazanmaq mümkündür.

Sonra, “Soft law” və hüquq şəbəkələşməsini nəzərdən keçirmək mümkündür. Beynəlxalq hüquq çərçivəsində “Soft law” - “Yumşaq hüquq” adlanan tövsiyə xarakterli normativ sənədlərin qəbul edilməsi, insan hüquqları institutlarının hesabatlarına Azərbaycan mövqeyinin daxil edilməsi önəmlidir. Bunun üçün nüfuzlu hüquq institutları və QHT-lərlə işbirliyi qurulmalıdır.

Daha sonra, beynəlxalq akademik və hüquqi diskursun formalaşdırılması məsələsi düşünülə bilər. Dünyanın aparıcı hüquq məktəblərində və universitetlərində Ermənistanın törətdiyi cinayətlərlə bağlı araşdırmaların aparılmasını təşviq etmək, məqalələr və hesabatlarla elmi dairələrin diqqətini bu məsələyə yönəltmək mümkündür.

Beşincisi, dövlətlərarası məhkəmə iddialarının genişləndirilməsinə odaqlanmaqda fayda vardır. Bəlli olduğu kimi, Azərbaycan artıq BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib, lakin bu iddiaların daha səciyyəvi hüquqi bazada genişləndirilməsi və konkret şəxslərin məsuliyyətə cəlb olunmasına yönəlik yeni iddiaların qaldırılması vacibdir.

Altıncısı, beynəlxalq sanksiyaların tətbiqinə çalışmaq. Ermənistanın müharibə cinayətlərinə görə müəyyən siyasi və iqtisadi sanksiyalara məruz qalmasını təmin etmək üçün beynəlxalq diplomatik mexanizmlər işə salına bilər”.

Əkbər Qoşalı bildirdi ki, bu istiqamətdə media və diplomatik hücum strategiyasını da vurğulamalıyıq:

“Beynəlxalq media və siyasi platformalarda Azərbaycan həqiqətlərini daha təsirli şəkildə yaymaq üçün hüquqşünas ekspertlərdən ibarət xüsusi mərkəzlər yaratmaq, lobbiçilik çalışmalarını genişləndirmək lazımdır.

Bu vurğular, təcrübəli və yanar ürək sahibi olan, vətəncanlı mütəxəssislərin, ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının, özəlliklə, beynəlxalq platformalara üzv olan QHT-lərin, siyasi partiyaların, habelə diaspor qurumlarının məsləhətləşmə mühitini, işbirliyini vacib qılır.

Belə addımlar Azərbaycanın beynəlxalq hüquq çərçivəsində mövqeyini gücləndirə və 44 günlük müharibə zamanı törədilmiş cinayətlərin beynəlxalq ictimaiyyətə daha sistemli şəkildə çatdırılmasına xidmət edə bilər”.

"Demokratik Azərbaycan Naminə" Gənclərin İctimai Birliyinin (DANİB) sədri, siyasi təhlilçi Elməddin Behbudun fikrincə, Ermənistanın Azərbaycan ərazilərini işğalda saxladığı dövrdə həyata keçirdiyi cinayətlərin kəmiyyət və miqyas göstəriciləri çox böyükdür:

“Ermənistan Qarabağ və Şərqi Zəngəzurda 30 il ərzində xalqımıza məxsus tarixi və mədəni irsin məhv edilməsi üçün dünyada analoqu olmayan vəhşiliklər, qəddar müharibə və insanlıq əleyhinə cinayətlər törədib. İşğal dövründə təbiətimizə, milli-mənəvi dəyərlərimizə qəsd olunub, minlərlə tarixi abidəmiz məhv olunub. Azərbaycanın yeraltı və yerüstü sərvətləri talan edilib. Təəssüflər olsun ki, belə əməllərin icrasında bir sıra xarici şirkətlər iştirak edib. Bütün bu əməllər faktlarla sübuta yetirilib və beynəlxalq ictimaiyyət məlumatlandırılıb. İşğaldan azad olunmuş yaşayış məntəqələrimizin hər qarışı erməni vandallığını əks etdirir. Təbii ki, bu cinayətlərin kulminasiya nöqtəsi havadarlarının yardımı ilə ermənilərin törətdiyi soyqırımlardır”.

Elməddin Behbud hazırda hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsinə də diqqət çəkdi:

“Bildiyimiz kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası hazırda da davam etdirilir. Bu, Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı tarixi qələbədən sonra minlərlə azərbaycanlının qətlini bilavasitə həyata keçirmiş terrorçuları, cinayətkarları ədalət məhkəməsində mühakimə etməklə beynəlxalq hüququn pozulmuş normalarını bərpa etmək, vətəndaşlarının hüquqlarının müdafiəsini sonadək həyata keçirmək iradəsini göstərir”.

DANİB-nin sədri hesab edir ki, bu prosesə paralel olaraq xalqımıza qarşı sülh və insanlıq əlehinə törədilmiş cinayətlərin dünyaya çatdırılması üçün çoxşaxəli və davamlı fəaliyyətə böyük ehtiyac var:

“Etiraf etməliyik ki, torpaqlarımızı düşmən tapdağından azad etsək də erməni toplumunun önəmli bir qisminin hələ də tarix, mədəniyyət və torpaqlarımız iddiaları qalmaqdadır. Ona görə həm dövlətimizin üzv olduğu beynəlxalq platformalarda ermənilərin insanlıq əlehinə törətdiyi cinayətləri ifşa etməyə davam etməliyik. Eyni zamanda vətəndaş cəmiyyəti institutlarımız da əvvəlki illərdə olduğu kimi bundan sonra da mühüm beynəlxalq təşkilatların toplantılarında, tribunalarda bu cinayətlərin, faktların dünyaya çatdırılmasını davsm etdirməlidir. Bununla bağlı yetərincə təcrübə və potensialımız var”.

Elnurə İSAXAN

 



Seçilən
20
herbiand.az

1Mənbələr