AZ

İğdır-Naxçıvan qaz kəməri: Muxtar Respublikanın iqtisadi inkişafına yeni təkan

“İğdır-Naxçıvan qaz kəmərinin istismara verilməsi Naxçıvanın enerji təhlükəsizliyinin təminatı baxımından çox önəmli amildir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Elşad Məmmədov bildirib. 

Ekspert qeyd edib ki, Naxçıvanın sosial-iqtisadi inkişafı və sənayeləşmə proseslərinin genişləndirilməsi qarşıda duran əsas çağırışlardan biridir:

“İstehsal güclərinin istismara verilməsi bir çox sosial-iqtisadi problemlərin həllinə şərait yaratmalıdır. Bu, həm yeni, əmək tutumlu iş yerlərinin açılması, həm də əmək resurslarının iqtisadiyyatda daha aktiv rol oynaması üçün şəraitin formalaşması deməkdir. Eyni zamanda, əmək bazarının ölkənin təhsil sektoru qarşısında yeni çağırışlar irəli sürməsi, bunun da öz növbəsində Naxçıvanda təhsil sektorunun inkişafına təkan verməsi gözlənilir. Ümumilikdə işgüzar fəaliyyətin stimullaşdırılması əmək bazarına, insan kapitalına, təhsil sektorunun inkişafına və elm tutumlu layihələrin reallaşdırılmasına müsbət təsir göstərməlidir.

Bütün bunlar isə enerji təminatının və enerji generasiyasının həcminin artmasına səbəb olacaq. Bu baxımdan, Naxçıvanın qaz təminatının və enerji təhlükəsizliyinin yüksək səviyyədə həyata keçirilməsi muxtar respublikada iqtisadi və sosial layihələrin inkişafına şərait yaratmalıdır. Düşünürəm ki, Naxçıvanın qaza olan tələbatı iqtisadi inkişaf dərinləşdikcə yaxınmüddətli perspektivdə artacaq. Bu qaz kəmərinin istismara verilməsi isə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi vəziyyətinə müsbət təsir göstərəcək”.

Leyla Turan
Demokrat.az
Seçilən
5
demokrat.az

1Mənbələr