AZ

Elçin Qurbanov barəsində “vəzifədən kənarlaşdırma” qərarı ləğv edildi - 238 minlik iş

“Füzuli Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru vəzifəsində işləyən Elçin Qurbanov külli miqdarda mənimsəmədə ittiham olunur. Vəkili bu ittihamları əsasız hesab edir. Məhkəmə direktorun vəzifədən kənarlaşdırılması ilə bağlı qərarı ləğv edib.

Elçin Qurbanov xəstəxananın Maliyyə şöbəsinin sabiq müdirləri Səfər Bayandurov və Vasif İsmayılovla qabaqcadan əlbir olaraq 238 min manat dövlət əmlakını israf etməkdə günahlandırılır.

İstintaq belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslər ehtiyac olmadığı halda laborant, paltaryuyan, aşpaz, mətbəx fəhləsi, qazanxanaçı və sürücü ştat vahidlərinə müxtəlif şəxsləri əlavə edərək onlara maaş ayrılmasına nail olublar.

Prokurorluğun təqdimatı ilə birinci instansiya məhkəməsi Elçin Qurbanov barəsində “vəzifədən kənarlaşdırma” növündə qətimkan tədbiri seçilib.

Bu qərardan narazı qalan Elçin Qurbanov Şəki Apellyasiya Məhkəməsinə üz tutub.

Təqsirləndirilən şəxsin vəkili Elxan Əzizov şikayətini belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi irəli sürdüyü ittihamı sübuta yetirmədən və cəmiyyətin maraqlarını nəzərə almadan Elçin Qurbanov barəsində vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçib:

“Prokurorluq Elçin Qurbanovun təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edərkən Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 12 iyul 2023-cü il tarixli Yoxlama aktına və xəstəxananın TƏBİB-lə razılaşdırılmış ştat cədvəlinə əsaslanıb. Qərarda qeyd olunur ki, təqsirləndirilən şəxs TƏBİB-in rəhbərliyi ilə razılaşdırılmış ştat cədvəli əsasında xəstəxananın tabeliyində fəaliyyət göstərən 18 kənd və qəsəbə həkim məntəqəsində maddi-texniki baza imkan vermədiyi xadimə və bağban vəzifələrinə rəsmiləşdirilmiş işçilərə büdcədən pulun ayrılmasına nail olub. Lakin müstəntiqin qərarında və yoxlama aktında Elçin Qurbanovun hərəkətləri nəticəsində hansı normativ hüquqi aktın tələblərinin pozulması qeyd olunmayıb”,- deyə vəkil qeyd edib.

Vəkil çıxışına əlavə edib ki, fərziyyələrə əsasən adı bilinməyən qanun pozuntusunun baş verdiyi qərara alınıb:

“Tibb müəssisəsinin ştat cədvəli və fəaliyyətini tənzimləyən sənədlər müəyyən edilərkən TƏBİB tərəfindən həmin sənədlərin normativlərə uyğunluğu yoxlanılaraq təsdiq olunub. Xəstəxananın tabe olduğu TƏBİB tərəfindən ştat cədvəllərinin təsdiqlənməsi bəsit bir prosedur olmayıb. Yəni ştat vahidlərində normadan artıq vahidlərin olub-olmaması cədvəl imzalanana qədər bir neçə dəfə yoxlanıldığından həmin cədvəldə səhvlərin olması qeyri-mümkündür. Dolayısı ilə həmin ştat cədvəli əsasında işçilərə ödənilmiş əmək haqqı və əlavələr şəxs tərəfindən israf etmə cinayətinin törədilməsini təsdiqləyən sübut deyildir. Bu halda şəxs ümumiyyətlə təqsirləndirilən şəxs qismində cəlb edilməməli idi. İş materialları Füzuli Rayon Məhkəməsinə göndərildikdən sonra məhkəmə tərəfindən materiallar düzgün qimətləndirilməyərək şəxs barəsində əsassız olaraq vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirinin tətbiqi barədə qərar qəbul edilib. Cinayət prosessual qanunvericiliyə nəzərə saldıqda aydın olur ki, qətimkan tədbirinin seçilməsi barədə qərarda şəxsin şübhəli bilindiyi və ya ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və müvafiq qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğuna dəlalət edən ilkin sübutlar göstərilməlidir. Dolayısı ilə həmin sübutlar mövcud olmalıdır ki, şəxs barəsində qətimkan tədbirinin tətbiqi üçün əsas yaransın.

Həmçinin məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını və səhhətini, məşğuliyyət növünü, ailə, maddi və sosial vəziyyətini, əvvəllər cinayət törədilməməsini və qətimkan tədbirinin seçilməsi kimi nəzərə alınmalı halları nəzərə almayıb”.

Vəkil müdafiə etdiyi şəxs barəsində vəzifədən kənarlaşdırılma qətimkan tədbirinin ləğv edilməsini məhkəmədən xahiş edib.

Şəki Apellyasiya Məhkəməsi vəkilin şikayətini təmin edib. Elçin Qurbanov barəsində vəzifədən kənarlaşdırılma qətimkan tədbirinin seçilməsinə dair təqdimatı rədd edilib.

Maraqlıdır ki, 238 minlik iş üzrə zərərçəkmiş tərəf yoxdur. Belə ki, TƏBİB, Maliyyə Nazirliyi və Səhiyyə Nazirliyi iş üzrə zərərçəkmiş tərəf kimi tanınmayıb. 

©musavat.az

Seçilən
13
valyuta.az

1Mənbələr