Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu (Fond) tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri üçün yeni təqaüd proqramları təsis edilib.
NOCOMMENT.az xəbər verir ki, Dövlət Komitəsindən verilən məlumata görə, “Qurani-Kərim” qiraəti istiqamətində ixtisaslı kadrların yetişdirilməsinin stimullaşdırılması məqsədilə “Seyid Yəhya Bakuvi” təqaüdü təsis edilib. Təqaüd Qiymətləndirmə Komissiyasının qərarı əsasında qalib olan şəxsə 1 il müddətində veriləcək.
Aİİ tələbələrinin ərəb dili üzrə biliklərinin artırılmasına dəstək göstərmək, onların bu istiqamətdə təkmilləşməsini təşviq etmək məqsədilə təsis edilən “Şeyxülislam Məhəmməd İrəvani” təqaüdü isə tələbələr arasında ərəb dili üzrə test imtahanı nəticəsində seçilən şəxsə təqdim ediləcək.
Bundan başqa, institutu seçən yüksək ballı abituriyentlərin sayının artırılması, orta keçid balının yüksəldilməsi məqsədilə “Həmzə Nigari” adına təqaüd təsis edilib. Bu təqaüdü Azərbaycan İlahiyyat İnstitutuna ən yüksək balla qəbul olan tələbə 1 il müddətində ala biləcək.
Azərbaycan İlahiyyat İnstitutunda təhsil alan tələbə qızların sosial inteqrasiyasını gücləndirmək, gələcəkdə dini ixtisaslı kadr kimi formalaşmalarına dəstək vermək, erkən nikah, təhsildən yayınma və ailədaxili zorakılıq mövzusunda maarifləndirmə işi istiqamətindəki fəaliyyətlərini stimullaşdırmaq məqsədilə Fond tərəfindən “Xurşidbanu Natəvan” təqaüdü də təsis edilib. Təqaüdün müsabiqə təşkil edilməklə 3 nəfərdən ibarət komandalar şəklində müxtəlif mövzularda təqdimat hazırlayanlar arasında qalib olan komandaya verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Seyid Yəhya Bakuvi” təqaüd proqramının qalibinin müəyyən edilməsi üçün müsabiqə prosesi artıq başlayıb. Proqramın qalibi “Gözəl Quran oxuma” müsabiqəsi əsasında müəyyən ediləcək. Qalib üçün 1 il müddətində 150 AZN məbləğində təqaüd nəzərdə tutulub.\\Modern.az