"Qaz qiymətində heç bir dəyişiklik olmayacaq. Bunun vətəndaş üçün heç bir fərqi yoxdur. Dövlətin xərcləri aşağı düşə bilər, çünki əvvəl İran qazı Naxçıvana verirdi və İran bu vaxt 15 faizə qədər komissiya tuturdu".
Bu fikirləri Redaktor.az-a iqtisadçı Xalid Kərimli İqdır-Naxçıvan qaz kəməri işə düşəcəyi zaman Naxçıvanda qazın qiymətinin neçəyə olacağı barədə sualı cavablandırarkən bildirdi.
Onun sözlərinə görə, hal-hazırda şərtlər dəyişir.
"Xərc olduqda hökumət xərci özü qarşılayır. Vətəndaşdan pul istənilmir. Naxçıvan sakini ilə Bakı sakininin qaz qiymətlərində fərq yox idi, baxmayaraq ki, Naxçıvana qaz daha baha şərtlərlə çatdırılırdı. Hökumət bunu sakinlərə hiss etdirmədən ödəyirdi. Bu səbəbdən qaz qiymətlərində dəyişiklik olmayacaq".
İqtisadçı qeyd etdi ki, qaz qiymətləri yeni artırılıb.
"Hökumət qiymət artımını məqsədəuyğun hesab etməsəydi, qaldırmazdı. İki ay bundan əvvəl qiymətlər qaldırıldı. Bu səbəbdən yaxın 1 il ərzində qaz qiymətlərində nə artım, nə də eniş gözləmirəm", - deyə X.Kərimli bildirdi.
Aytəkin TOFİQQIZI