Azərbaycanın inşaat və tikinti sektoruna kredit qoyuluşları artmaqda davam edir. Mərkəzi Bankın məlumatına görə, bu ilin fevralın 1-nə Azərbaycanda inşaat və tikinti sektoruna kredit qoyuluşlarının həcmi 1,2 milyard manat təşkil edib. Məlumata əsasən, bu, bir ay əvvələ nisbətən 6,1 milyon manat və ya 0,5% , 2024-cü ilin yanvar ayı ilə müqayisədə isə 40,3 milyon manat və ya 3,5% çoxdur.
Valyuta.az bu sahədə açıqlanan statistik göstəricilərə təsir edən bir neçə tendensiyanı araşdırıb.
Hazırda tikinti sektorunda sabit artım tendensiyası hökm sürür. Ölkədə inşaat və tikinti sahəsinə maraq artmaqda davam edir. Kredit portfelinin mütəmadi artması sektorda investisiya imkanlarının açıq olduğunu göstərir.
Bunda başqa, görünən odur ki, əmlak və infrastruktur layihələrinə investisiya axını güclənir. Bu, həm yaşayış binaları, həm də kommersiya, sənaye və infrastruktur layihələrinə yönəldilən maliyyələşməni əhatə edir.
İnşaat və tikinti sektorunda ən önəmli faktlardan biri bu sahənin banklarla apardığı əməkdaşlıqdır. Son illər bank sektorunun inşaat sahəsinə etimadı artır. Banklar riskləri idarə edə bilirlər və bu sahəyə kredit verməyə davam edirlər. 0,5%-lik artım qısamüddətli stabil artımı, 3,5%-lik illik artım isə uzunmüddətli inkişaf tendensiyasını göstərir.
Bu sahənin inkişafı isə xüsusi ilə vacibdir. İnşaat və tikinti sektorunun inkişafı birbaşa infrastrukturun inkişafına təsir edir. Yeni layihələr kənd və şəhər infrastrukturunun yaxşılaşdırılmasına şərait yaradır. Yeni iş yerləri yaradılır. İnşaat sahəsi məşğulluq yaratmaqda əhəmiyyətli rol oynayır. Əmlak bazarı canlanır. Mənzil bazarında tələbatın artması tikinti sektorunu stimullaşdırır.
Bütün bunların fonunda ipoteka kreditləri ilə bağlı güzəştlər haqqında da danışsaq, qeyd etməliyik ki, ipoteka kreditlərinə dair güzəştlər məsələsi inşaat və tikinti sektorundakı dinamika ilə sıx bağlıdır. Kredit artımı və bankların sektora etimadı, əslində ipoteka kreditləri ilə bağlı bir sıra müsbət dəyişikliklər üçün zəmin yarada bilər.
Hazırkı vəziyyətdə ipoteka kreditləri inşaat sektorunun mühərrikidir. Əgər banklar inşaat sektoruna daha çox kredit ayırırlarsa və layihələr genişlənirsə, bu, ipoteka məhsullarının çeşidini artırmağa və daha əlçatan etməyə səbəb ola bilər.
Bundan başqa, inşaat sektoruna dövlət dəstəyi və sosial ipoteka mexanizmləri genişlənir.
2024-cü ilin dövlət büdcəsində İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) ayrılan vəsait artırılıb. Bu isə daha çox güzəştli ipoteka krediti deməkdir.
İpotekalarla bağlı isə banklar bir çox güzəştə gedə bilər. Buna onları xüsusi ilə bazar dinamikası və rəqabətli mühit məcbur edir. İnşaat layihələri çoxaldıqca, əhali üçün mənzil əlçatanlığı təmin olunmalıdır ki, satışlar sürətlənsin. Belə olan halda isə banklar faiz dərəcələrini endirə (hazırda kommersiya ipotekaları təxminən 6-8%-dir, amma müəyyən kampaniyalarda daha aşağı təkliflər görülür), ilkin ödəniş məbləğini azalda, (bəzən 30% tələb olunur, amma bunu 20%-ə və ya aşağı sala bilərlər) və 25-30 illik uzunmüddətli kredit şərtləri təklif edə bilər.
Bundan başqa, kampaniyalar və güzəştli dövrlərin tətbiq olunması mümkündür. Məsələn, əhaliyə ilk 1-2 il faizsiz və ya aşağı faizlə kredit təklif oluna bilər.
Davud