Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 10-da davam etdirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.
Məhkəmənin baxış iclasında təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə baxışı təqsirləndirilən şəxslərə suallar verilməsi ilə davam etdirilib.
Əvvəlcə təqsirləndirilən şəxs Arkadi Qukasyana dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən suallar verilib.
O, suallara cavabında "Sovet Ermənistanı” qəzetində redaktor müavini vəzifəsində çalışdığını bildirərək deyib: "Mən Qarabağ münaqişəsinə aid mövzularda yazırdım. Qəzet 1991-ci ilədək çıxdı. O vaxtdan sonra qəzet nəşr olunmayıb”.
Arkadi Qukasyan qanunsuz hərəkətləri qınadığını vurğulayaraq bildirib: "Mənim fikrimcə, qadını, uşağı və ya ahıl insanı öldürən şəxs insan deyil. Söhbət onun milliyyətindən getmir”.
O, Qarabağda məktəbdə rus dilində oxuduğunu, lakin erməni məktəblərinin Azərbaycan və rusdilli məktəblərdən sayca daha çox olduğunu deyib. Qukasyan etiraf edib ki, Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb.
Prokurorun "böyük Ermənistan” ideologiyasına dair sualına cavabında A.Qukasyan bu ideyanı nağıl adlandıraraq qeyd edib: "Çoxdandır "böyük Ermənistan”la bağlı nağıllara inanmıram. "Böyük Ermənistan” ideyası nağıldır. Mən real həyatda yaşayıram, mən heç vaxt buna real yanaşmamışam".
O, iş üzrə cinayətkar dəstənin üzvləri kimi adı keçən Zori Balayanla 1993-cü ildə, Vazgen Manukyanla isə 1994-cü ildə tanış olduğunu deyib. Bildirib ki, Robert Köçəryan isə onun rəhbəri olub.
A.Qukasyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən Ermənistan Respublikasının keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışıb. O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdə əsas çıxışçının Arkadi Manveloviç Manuçarov olduğunu bildirərək deyib: "Robert Köçəryanın çıxışları yadımda deyil. Biz rus dilində təhsil aldığımız üçün mənim kimi, onun da ədəbi erməni dili ilə bağlı problemi var idi. Ola bilər ki, o, mitinqin təşkilatçılarından olub, çünki "Krunk” təşkilatının üzvü idi”.
Daha sonra Bako Sahakyanın vəkili məhkəməyə müraciət edərək hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial görüş üçün şərait yaradılmasını xahiş edib. Məhkəmə müdafiəçinin vəsatətini təmin edib və konfidensial görüş üçün məhkəmə iclasında fasilə elan olunub.
Fasilədən sonra təqsirləndirilən şəxslər Bako Sahakyan, Arayik Harutyunyan, Davit İşxanyan və Davit Babayana Ermənistan SSR-in ərazisində və Azərbaycan SSR-in tərkib hissəsi olan Qarabağda Ermənistan tərəfindən yaradılan, onun dəstəyi və rəhbərliyi altında fəaliyyət göstərən, cinayətkar birliyin özəyini təşkil edən qanunsuz silahlı birləşmələrin rəhbərləri və iştirakçıları, Ermənistanla, onun rəhbərliyi və yüksəkvəzifəli şəxsləri ilə əlaqələri, fəaliyyəti, onların bu birləşmələrin fəaliyyətində iştirakı, habelə "böyük Ermənistan” cinayətkar ideologiyası, "Miatsum” və "Qarabağ” hərəkatlarının məqsədi, həmçinin "Krunk” təşkilatının funksiyaları, fəaliyyəti, müdafiə etdiyi ideyalar, qeyd olunan hərəkatlara rəhbərlik edən şəxslər və təqsirləndirilən şəxslərlə onların əlaqələri, Qarabağda təşkil edilən qanunsuz mitinqlərdə təqsirləndirilən şəxslərin iştirak edib-etməmələri, həmin mitinqlərdə çıxış edənlər, insanların mitinqlərə kim tərəfindən və hansı formada cəlb edilmələrinə, yaxud dəvət olunmalarına dair suallar verilib.
Təqsirləndirilən şəxs Bako Sahakyan dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında etiraf edib ki, Qarabağda silahlanma haqqında ilk çağırış qanunsuz mitinqlərdə olub.
O, kəndlərdə və şəhərlərdə silahlanmanın olduğunu bildirərək qeyd edib: "Silahların bir hissəsi dislokasiya olunmuş sovet hərbi hissələrindən idi. Bundan başqa, Ermənistandan silah tədarükü var idi. Silahlanma ilə bağlı əsas istiqamətlər bunlar idi”.
Ardınca təqsirləndirilən şəxs Davit İşxanyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırıb.
Digər təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında deyib ki, Qarabağ hadisələri başlayanda 14 yaşı olub. O, məktəbli olduğu üçün qanunsuz mitinqlərdə iştirak etmədiyini, lakin həmin mitinqlərdə çıxış edən şəxslər barədə məlumatlı olduğunu, onları tanıdığını bildirərək deyib: "Bilirəm ki, Qurgen Qabrelyan, Vartan Akopyan, Haraçı Beqlaryan adlı yazıçılar mitinqlərdə çıxış edirdilər. Yazıçılardan Qurgen Qabrelyan uşaq şairi idi, bu qədərini bilirdim”.
A.Harutyunyan suallara cavabında qanunsuz silahlı birləşmələrin bir hissəsinin adını eşitdiyini qeyd edərək, "Arabo” batalyonundan danışıb: "Sizin saydığınız siyahıdan mən 30 faizinin adını eşitmişdim. "Arabo”, "Arami”, "Böyük Tiqran”, "Sasunçi David” haqqında bilirdim. Bilirdim ki, hansısa döyüş əməliyyatlarında iştirak ediblər. Daha çox "Arabo” haqqında bilirəm. Onun komandirlərindən birinin adı Manvel olub. Onunla təmasım 2020-ci ildən sonra başlayıb”.
Təqsirləndirilən şəxs Davit Babayan dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında qondarma rejimin "ordusu”nun müxtəlif silahlı birləşmələrdən təşkil olunduğunu, lakin özünün həmin proseslərdə iştirak etmədiyini bildirib. O, Arayik Harutyunyanla 1990-cı ildə tanış olduğunu deyib.
Bugünkü məhkəmə prosesində təqsirləndirilən şəxslərə zərərçəkənlərin nümayəndələri, habelə özlərinin vəkilləri də suallar ünvanlayıblar.
Məhkəmənin növbəti iclası martın 13-nə təyin olunub. Növbəti proses təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməniəsilli təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.