Tədqiqatlar göstərir ki, mətbəx süngərində çoxlu bakteriya var. AzPost Ferra.ru-ya istinadən xəbər verir ki, onların sayı tualetin səthindən də çoxdur. 2017-ci ildə elm adamları bir kub santimetr qabyuyan süngərdə 54 milyarda qədər müxtəlif mikroorqanizmlərin olduğunu aşkar ediblər. Bu, isə ictimai tualetlərdə olan mikrobdan daha çoxdur.
Ən qorxulusu isə süngərdə çoxlu sayda Acinetobacter bakteriyasının aşkarlanmasıdır. Ümumdünya Səhiyyə Təşkilatı onları antibiotiklərə qarşı davamlılığına və sepsis və meningitlərə səbəb ola bilmələrinə görə ən təhlükəli patogenlər adlandırıb.
Mütəxəssislər həmçinin Escherichia coli və Staphylococcus aureus aşkar ediblər. Bu bakteriyalar bağırsaq infeksiyalarına, qida zəhərlənməsinə və dəri iltihabına səbəb ola bilər. Ən çox süngərlərin tərkibində zəif immun sistemi olan insanlarda tənəffüs xəstəliklərinin inkişafına səbəb olan Moraxella cinsinin bakteriyaları olub.
İnfeksiya riskini azaltmağın yeganə yolu hər 3-5 gündən bir süngər dəyişdirməkdir. Başqa variantlar da var. Məsələn, süngər əvəzinə silikon fırça və ya yuyucu parça istifadə edin.