AZ

Avropa ölkələri öz dəyərlərinə geri dönməlidir - ŞƏRH

Əks təqdirdə ABŞ ilə olan rəqabətə davam gətirməyib parçalanacaqlar

ABŞ Kiyevə tam dəstək versə belə, Ukrayna Rusiyaya qarşı mübarizəyə tab gətirə bilməyəcək. Bunu Prezident Donald Tramp "Foks Nyus"a müsahibəsində deyib. O bildirib ki, hər halda, Ukrayna sağ qala bilməz: "Rusiya ilə münasibətlərimizdə bəzi zəif nöqtələrimiz var. Qulaq asın, bu müharibə olmamalı idi, amma oldu. İndi də bu qarışıqlıqda ilişib qalmışıq". Trampın sözlərinə görə, o, Putinin yerində olsaydı, məhz onun kimi də hərkət edərdi: "Məncə, Putin müharibəni bitirmək istəyir, lakin o, hazırda bəzi üstünlük əldə etmək üçün onlara xüsusilə ağır zərbə vurur". Ağ Ev rəhbəri bildirib ki, Ukrayna da müharibəni bitirmək istəyir, çünki onlar çox çətin dövr yaşayırlar: “Ancaq başa düşmürəm ki, niyə onlar sülh prosesini tormozlayırlar. Rusiya və Ukrayna dərhal danışıqlar masasına əyləşməlidir, əks halda çox gec olacaq". Ukrayna prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, Prezident Volodimir Zelenski Ağ Evdəki davranışına görə üzr istəməyəcək. Podolyak bildirib ki, Zelenski forma və məzmun baxımından tamamilə haqlı idi: “Ukrayna prezidenti amerikalı tərəfdaşlarına Rusiyaya təzyiq etmədən heç bir iş görülməyəcəyi ilə bağlı əsas ideyanı çatdırmağa çalışır. Ona görə də olmayan səhvə görə üzr istəməyəcəyik”. O, Ağ Evdəki mübahisəni Zelenskinin və onun vasitəsilə bütün ukraynalıların alçaldılması kimi qiymətləndirməyib: “Bu, alçaldılma məsələsi deyil. Bu, siyasi liderlər arasında çox emosional müzakirədir. Paradoksal olsa da, bu görüş müəyyən mənada faydalı oldu. Fərqlərimizi vurğulamaqla biz öz fikirlərimizi aydınlaşdıra bilərik”. Podolyak əlavə edib ki, Kiyev bu mübahisəyə görə Trampı düşmən hesab etmir: “Amerika lideri son günlərin qızğın müzakirələrinə baxmayaraq, Ukraynanın tərəfdaşı olaraq qalır. Kiyev ABŞ ilə konstruktiv münasibətləri saxlamalı və fikir ayrılıqlarını ikitərəfli münasibətlər çərçivəsində həll etməlidir”. Zelenskinin Trampla münasibətləri necə bərpa edə biləcəyi ilə bağlı suala cavabında Podolyak deyib ki, ABŞ prezidenti və onun komandası ilə “dostlaşmaq” söhbəti yoxdur: “Bu, geosiyasət məsələsidir. Ukrayna üçün ABŞ ilə müsbət ikitərəfli münasibətləri davam etdirmək son dərəcə vacibdir”. O qeyd edib ki, Ukraynanın ABŞ-yə ehtiyacı var, çünki o, hərbi məhsulların ən böyük istehsalçısıdır. Podolyak ABŞ-nin diplomatik dəstəyinin ağırlığını “müqayisəolunmaz” adlandırıb. Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenko Trampın yaxın çevrəsinin nümayəndələri ilə danışıqlardan sonra Ukrayna münaqişəsinə dərhal son qoymağa çağırıb: “Müharibə dərhal başa çatmalıdır. Kimsə Avropanın təhlükəsizliyi üçün Rusiyanın “tükənməsi”nin əvəzini Ukraynanın mövcudluğu və yüz minlərlə ukraynalının həyatı bahasına ödəməyə qərar verir? Düşünməzdim ki, onlar bunu bu qədər rəsmi və açıq deməyə cəsarət edəcəklər. Bu, çox şeyi izah edir”. 

ReAL Partiyasının sədri Natiq Cəfərli "Sherg.az"a açıqlamasında deyib ki, Avropa və ABŞ-nin Demokratlara bağlı mediası yazır ki, Trampın “sağı-solu” bəlli deyil, gündə bir söz danışır, tez-tez fikrini dəyişir, etdikləri isə qəbuledilməzdir. Ekspertə görə, bunlar tamamən yalandır: 

"Tramp hətta seçkidən öncə bu gün etdiklərinin anonsunu verib, tam tərsinə, demədiyi heç nə etməyib. Hələ 2024-cü ilin əvvəlində bəyan etmişdi ki, müharibəni bitirmək üçün Ukraynaya da, Rusiyaya da təzyiqlər  edəcək. Kiyev razı olmasa, hərbi və maddi yardımı kəsəcək. Moskva razılaşmasa, Rusiyaya qarşı ən sərt sanksiyalar qoyub, paralel olaraq Ukraynaya ən müasir silahlar verəcək. Yəni “ikili şantaj” strategiyasını 1,5 il öncə elan etmişdi. Sadəcə, Zelenski və komandası avropalıların oyununa gələrək, onları masaya qaytarmaq üçün ilk hədəf oldular. Moskva isə tülkü kimi davranıb Trampın təkliflərini geri çevirmədi. Seçkidən öncə də dəfələrlə Kanada, Meksika, AB ölkələri və Çinə qarşı tarif artırmaq siyasətini yürüdəcəyini demişdi, indi də edir. Seçkidən öncə Avropaya, “NATO-ya çox pul ayırın, biz sizi 80 il havayı qoruduq, daha etməyəcəyik” demişdi, indi də onu edir. Yaxşı, Avropanı, dünyanın bir hissəsini şoka salan nədir? Hamı nədənsə belə düşünürdü ki, ABŞ-nin borcu dünyada demokratiyanı və ya demokratiya adı altında maraqların sırınmasını qorumaqdır. Əgər AB ölkələri özlərini qorumaq üçün əlini cibinə atıb pul xərcləmirdirlərsə, 80 il ABŞ “çətiri” altında rahat oturub öz xalqlarının rifahı ABŞ-nin müdafiə xərcləri hesabına artırırdılarsa, niyə indi ABŞ onları qorumalıdır?".

N.Cəfərli vurğulayıb ki, ümumi dəyərlər mifdir və Avropanın maraqları hər zaman öz dəyərlərindən üstün olub: 

"ABŞ vitse-prezidenti Vens də Münhendə açıq dedi ki, onların dəyərləri artıq fərqlənir. Əgər Rumıniyada xalqın səsi ilə qalib gələn insanı 9 hakimin qərarı ilə hakimiyyətə buraxmırlarsa, deməli, demokratiyaya inanmırlar. Əgər hamı öz maraqlarının arxasınca qaçırsa, ABŞ nədən bunu etməməlidir? Dünyada son dövrlərdə ilk dəfədir ki, mübarizə ideoloji müstəviyə keçib. 1991-ci ildən bəri ilk dəfə belə “cəbhələşmə” baş verir. Avropa ölkələri öz dəyərlərinə, insan haqlarına geri dönməsələr, ABŞ ilə olan rəqabətə davam gətirməyib parçalanacaqlar. Yəni AB-nin ayaqda qalması üçün təməl prinsiplərə geri dönülməlidir". 

Seçilən
28
sherg.az

1Mənbələr