AZ

SESRIC-in başçısı: Azərbaycanla sıx əməkdaşlıq edirik

Qadınların gücləndirilməsi və yaşıl iqtisadiyyatın inkişafı üçün əməkdaşlıq vacibdir.

“İki sahil” xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) baş direktoru, Türkiyənin keçmiş ailə, əmək və sosial xidmətlər naziri Zehra Zümrüt Selçuk “Report”un ABŞ bürosuna açıqlamasında söyləyib.

SESRIC rəhbəri BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycanın ev sahibliyi ilə təşkil olunmuş “Bakı İqlim Koalisiyası – KOB-ların yaşıl keçidi: qadınların gücləndirilməsi” mövzusunda müzakirələrin vacibliyini vurğulayıb:

“Bu tədbir olduqca önəmlidir. Qayəmiz qadınların gücləndirilməsi, iqlim dəyişikliyi və bu dəyişikliklərə uyğun olaraq kiçik və orta bizneslərin (KOB) inkişafında qarşıya çıxan problemləri müzakirə etmək və həll yolları araşdırmaqdır. Məqsədimiz cəmiyyətlərimizdə qadınların iqtisadi proseslərə daha fəal inteqrasiyasını təmin etmək və eyni zamanda yaşıl iqtisadiyyatın inkişafında onların rolunu artırmaqdır. Biz bu məsələləri birlikdə müzakirə etdik və potensial həll yolları üzərində fikir mübadiləsi apardıq”, – Mərkəzin başçısı deyib.

Baş direktor Azərbaycanın bir çox qurumları ilə sıx əməkdaşlıq etdiklərini deyib: “Biz İƏT-in tərkibində fəaliyyət göstərən bir qurum olaraq, baş məqsədlərimiz statistika, araşdırma və təhsil sahələrində çalışmaqdır. Bu istiqamətlərdə 57 üzv ölkəmiz var və Azərbaycan da onlardan biridir. Bu gün də Azərbaycanın təşəbbüs etdiyi bu layihəyə öz dəstəyimizi verdik. KOBİA ilə yaxından işləyirik. Bununla yanaşı, Azərbaycanın Dövlət Statistika Komitəsi ilə də əməkdaşlıq edirik. Tədbirdə çıxışım zamanı məhz həmin statistik məlumatlardan istifadə etdim”.

Seçilən
20
1
ikisahil.az

2Mənbələr