AZ

Millimizin baş məşqçisi: “Finala bərabər oyun olacaq”

“Afinada iki məşq keçdik, oyuna hazırıq”.

Msport.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, Avropa çempionatının əsas mərhələsində bu gün Yunanıstanla keçiriləcək oyunu dəyərləndirib. Baş məşqçi heyətdə problemlər olduğunu söyləyib: “Düzdür, heyətimizdə Kamran Hacıyev, Nihad İsmayılov və Murad Quluzadə kimi yüngül zədəli futzalçılar var. Amma oynayacaq durumdadırlar. Əsasən standart vəziyyətlər, taktiki-texniki tapşırıqlar üzərində işlədik. Çalışdıq ki, uşaqları çox yormayaq. Çünki yol da qət etmişik. Həm də “4-lük”ləri müəyyənləşdirdik”.

Borisov hədəflərinin qalibiyyət olduğunu vurğulayıb: “Meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq. Bu görüş tək bizim yox, rəqib üçün finala bərabər olacaq. Bizi gərgin oyun gözləyir”.

Çalışdırıcı rəqibin oyununu təhlil etdiklərini deyib: “Yunanıstan millisi 4 gün əvvəl Xorvatiya ilə qarşılaşıb. Həmin oyunu izləmişik. Onlar bizə qarşı eyni oyun üslubuna çıxış etməyəcəklər. Xorvatlarla görüşdə müdafiədən oynadılar, qapıçıları da yaxşı dayandı. Bu dəfə pressinq edəcəklər. Yenə deyirəm, doğma meydanda oynayırlar, qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər. Məqsəd eynidir. Ümid edirəm ki, səfərdən 3 xalla dönəcəyik”.

Qeyd edək ki, bu gün Afinada keçiriləcək Yunanıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Seçilən
47
10
msport.az

10Mənbələr