AZ

Cənubi Koreya və ABŞ birgə desant təlimləri keçirib

Koreya Respublikası və ABŞ genişmiqyaslı “Freedom Shield” təlimləri çərçivəsində KXDR ilə sərhəd yaxınlığında yerləşən təlim poliqonunda helikopterlərdən istifadə etməklə havadan hücum əməliyyatlarını məşq ediblər.

AZƏRTAC xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, manevrlər Şimali Koreya ilə sərhəddən 30 kilometr məsafədə Phacu şəhəri yaxınlığında yerləşən poliqonda baş tutub. Təlimlərə 400-ə yaxın hərbçi, həmçinin Cənubi Koreyanın altı ədəd “Surion” helikopteri də daxil olmaqla, 10-a yaxın hərbi texnika cəlb edilib.

Koreya Respublikası və ABŞ silahlı qüvvələrinin genişmiqyaslı “Freedom Shield” təlimləri martın 20-dək davam edəcək. Manevrlərə ümumilikdə 19 minə yaxın hərbçi cəlb olunacaq.

Eyni zamanda, Cənubi Koreya donanması Sarı dənizdəki Kaqodo adası yaxınlığında kütləvi qırğın silahlarının yayılmasına qarşı təlimlər keçirib. Təlimlərə üç gəmi, xüsusi təyinatlı qüvvələr və sahil mühafizəsi qatılıb.

Koreya Respublikanın İkinci Donanması isə Phönthek limanında ayrıca təlimə başlayıb. Onlar polis, sahil mühafizəsi və ordu nümayəndələri ilə birgə “hava hücumu, kimyəvi, bioloji və radiasiya təhlükəsi” halında görüləcək tədbirlər üzərində çalışıb.

KXDR Xarici İşlər Nazirliyi “Freedom Shield” təlimlərini “təxribatçı və aqressiv” adlandırıb.

Seçilən
23
1
yeniazerbaycan.com

2Mənbələr