AZ

BMT-nin rəsmisi: Narkotik alverçiləri marşrut qismində döyüş bölgələrini seçir

Bakı, 11 mart, AZƏRTAC

BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə üzrə İdarəsinin rəhbəri deyib ki, müharibə zonaları vasitəsilə sintetik və digər narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün formalaşan “yeni qara bazar” dünyada qeyri-sabitliyi artırır.

AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə üzrə İdarəsinin (UNODC) baş direktoru Qada Vali Vyanada narkotiklərlə mübarizə sahəsində Komissiyanın son sessiyasının açılışında çıxış edərək qeyd edib: “Bu gün qeyri-qanuni narkotik bazarı sintetik narkotiklərin təsiri ilə daha gözlənilməz hala gəlir. İnsan alveri marşrutları Haitidən, Levantdan “Qızıl üçbucağa” qədər müharibə zonaları və qanunun aliliyi olmayan boşluq ərazilərdən keçir və qeyri-sabitliyi gücləndirir”.

Avstriya paytaxtında 2000-dən çox iştirakçının qatıldığı və 179 panel iclasının keçirildiyi Komissiyanın iclası martın 10-dan 14-dək davam edəcək. Burada dünyanın müxtəlif ölkələrindən olan ekspertlər narkotik vasitələrin qanunsuz ticarəti məsələlərini müzakirə edirlər. Belə ki, ölkələr fentanil kimi ölümcül opioid dalğaları ilə mübarizə aparır, eyni zamanda birgə əməliyyatlar nəticəsində əldə edilən uğurları vurğulayır.

Öz növbəsində, UNODC narkotik axınının qarşısını almaq üçün 87 ölkədə 180-dən çox sərhəd nəzarəti bölməsinə dəstək verir. BMT-nin rəsmisi qeyd edib ki, 2024-cü ildə 300 ton kokain, 240 ton sintetik narkotik və 100 ton prekusor müsadirə olunub.

Xanım Vali çıxışında bildirib: “Biz təqdim edilən araşdırmaları təhlil edir, habelə mənbə, tranzit və təyinat ölkələrinin hüquq-mühafizə orqanlarını və prokurorlarını bir araya gətiririk”.

Seçilən
12
azertag.az

1Mənbələr