AZ

Yerinə öz adamlarını baş məşqçi gətirmək üçün “TORBA ƏMƏLİYYATI”na start verdilər!

«Kəpəz»in baş məşqçisi Azər Bağırov gündəmi qarışdıracaq açıqlama verdi yenə.

Komandasının «Sumqayıt»a 0:3 hesablı məğlubiyyətindən sonra sanki dil açdı, nələrəsə işarə vurdu.

Dedi:

- Ən zəif oyunumuzu oynadıq. Qol vura bilməyəndə pis duruma düşürük. Birinci hissədə qol epizodlarımız oldu, amma dəyərləndirə bilmədik. Xal qazanmağa nə mane oldu? İki fərqli hissə oldu. İlk yarıda daha çox qol epizodları yaratdıq. Dəyərləndirə bilməyəndə elə bil komanda sınır. İkinci hissəni heç bəyənmədim. Tapşırıqları icra edə bilmədik. Komandanın içində problem var. Onu axtarıb tapmaq lazımdır.

Axtarıb tapmaq? Problem var, miqyası da günbəgün böyüyür.

Azər Bağırovu narahat edən proseslər gedir kollektiv daxilində. Klubu himayəsinə götürmüş yeni sponsorun yaxınları utanıb eləmədən, kimsədən çəkinmədən komandanın içinə soxulub.

Ayrı-ayrı futbolçularla gizlicə görüşlər keçirir, baş məşqçinin əleyhinə fikirlər söyləyirlər.

Onu gözdən salmaq, ucuzlaşdırmaq üçün canfəşanlıq göstərirlər. Uğursuz olmasını istəyirlər.

Nədir qarınlarındakı qurdduluğun səbəbi? Ğezliklə Azər Bağırovu göndərib, yerinə özlərinin adamını görəvə gətirmək.

Fikirlərində 1-2 nəfər tutublar, hansı biri olsa, günü sabah baş məşqçi postuna əyləşdirərlər. Təki komandanı idarə etsinlər, transfer bazarına nəzarət də öz əllərində olsun.

Ayının min oyunu bir armudun üstündə olduğu kimi yəni. Bunlar görür ki, Azər Bağırov nəticə əldə etsə, gələn yayı da Gəncədə keçirəcək.

«Kəpəz»i Premyer Liqada saxlayandan sonra kim ona nəsə deyə bilər ki? Belədə müqaviləsini uzatmalı, maaşını artırmalı olacaqlar.

Bağırov da təbii ki, Premyer Liqada ən aşağı əməkhaqıya işləyən baş məşqçi kimi yenidən tarixə düşmək istəməyəcək. Layiq olduğu məvacibi tələb edəcək.

Həmçinin transfer əməliyyatlarında sağ göstərib sol vuranların iştirak etməsinə imkan verməyəcək. Qarşılarını kəsəcək, «olmaz» deyəcək.

Deyəsən, yeni sponsor hələlik bu həqiqəti başa düşmür, yaxud başa düşmək istəmir. Ona görə də öz adamlarına inanıb, Azər Bağırovun ayağının altının qazılmasına heç nə demirlər.

Amma bu xəmir çox su aparmayacaq. Əsl gerçəklər, Azər Bağırovun bu gün incə eyham vurduğu problemlər ən qısa zamanda su üzünə çıxacaq.

ELNUR

Seçilən
15
sportinfo.az

1Mənbələr