Planetin mikroplastik çirklənməsi qida istehsalını əhəmiyyətli dərəcədə azaldır və bitkilərin fotosintez qabiliyyətini pozur.
"Cebheinfo.az" "Guardiana" istinadən xəbər verir ki, aparılan analizlər göstərir ki, dünyada əsas ərzaq məhsullarından olan buğda, düyü və qarğıdalının 4 %-dən 14 %-dək mikroplastik hissəciklərinin təsiri nəticəsində itirilir.
Alimlərin sözlərinə görə, ətraf mühitə daha çox mikroplastik daxil olduqca vəziyyət daha da pisləşə bilər.
Nəşr yazır ki, 2022-ci ildə təxminən 700 milyon insan aclıqdan əziyyət çəkib. Tədqiqatçılar hesablayıblar ki, mikroplastik çirklənməsi növbəti iki onillik ərzində daha 400 milyon insan aclıq riski ilə üzləşə bilər. Bu isə qlobal ərzaq təhlükəsizliyi üçün "narahatedici ssenari" hesab edilir.
Bildirilib ki, mikroplastikin yaratdığı illik məhsul itkisi son onilliklərdəki iqlim böhranının səbəb olduğu itkilərlə eyni miqyasda ölçülə bilər.
Alimlər qeyd edirlər ki, dünya artıq dayanıqlı şəkildə kifayət qədər qida istehsal etməkdə çətinlik çəkir və 2058-ci ilədək planetin əhalisinin 10 milyarda çatacağı gözlənilir.
Mikroplastiklər ətraf mühitə atılan nəhəng həcmdə tullantıların parçalanması nəticəsində yaranır.
Bu hissəciklər bitkilərin böyüməsi üçün günəş işığından istifadə etməsinə müxtəlif yollarla mane olur, torpaqların zədələnməsindən toksik kimyəvi maddələrin yayılmasına qədər.
Mikroplastiklər dünyanın hər yerinə, Everest zirvəsindən okeanların ən dərin yerlərinə qədər yayılıb.
Nəşrin yazdığına görə, mikroplastiklərin təsiri nəticəsində quruda fotosintez prosesi təxminən 12 %, dəniz yosunlarında isə 7 % azalıb.
Daha sonra bu məlumatlar əsasən, buğda, düyü, qarğıdalı, eləcə də balıq və dəniz məhsullarının istehsalındakı azalmanı hesablamaq üçün ekstrapolyasiya edilib.
Asiya mikroplastik çirklənməsindən qaynaqlanan məhsul itkisinə görə ən çox zərər çəkən qitədir.
Burada itkilər 54-177 milyon ton arasında dəyişib ki, bu da dünya üzrə məhsul itkilərinin təxminən yarısını təşkil edir.
Avropada buğda, ABŞ-də isə qarğıdalı istehsalı ciddi şəkildə təsirlənib.
Cənubi Amerika və Afrika kimi digər bölgələrdə bu məhsulların istehsalı daha az olsa da, mikroplastik çirklənməsi ilə bağlı məlumatlar da azdır.
Dənizlərdə mikroplastiklərin yosunları örtməsi nəticəsində balıq və dəniz məhsulları istehsalında illik 1-24 milyon ton itki qeydə alınıb.
Bu isə ümumi istehsalın təxminən 7 %-ni təşkil edir və 10 milyonlarla insanın protein ehtiyacını ödəyəcək qədər məhsulun itirilməsi deməkdir.