"Bakıdan Belenə yol xəritəsi" inkişaf etməkdə olan ölkələrdə aşağı karbonlu iqtisadiyyata və iqlim dəyişikliyinə davamlılığa doğru maliyyələşdirmənin cəlb edilməsi üçün təməl olmalıdır.
“Report” xəbər verir ki, bunu COP30 prezidenti, Braziliyanın xarici işlər nazirinin iqlim, enerji və ətraf mühit məsələləri üzrə müavini Andre Korrea du Laqo bildirib.
Korrea du Laqo Braziliya və Azərbaycanın inkişaf etməkdə olan ölkələrdə iqlim maliyyələşdirməsinin artırılması üçün yol xəritəsinin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətə sadiqliyini vurğulayıb.
“COP28-i başlanğıc nöqtəsi kimi istifadə edərək, sonra isə COP29-da Azərbaycanın rəhbərliyi altında biz 2024-cü ildə Paris sazişi çərçivəsində Qaydalar toplusunun formalaşmasını tamamladıq. Biz, həmçinin "İqlim birliyi üzrə Bakı paktı"nı qəbul etdik. COP30-un gələcək sədrliyi, inkişaf etməkdə olan ölkələrin ehtiyacları üçün iqlim maliyyələşdirməsini artırmaq məqsədilə "Bakıdan Belenə 1,3 trilyon ABŞ dollarına doğru yol xəritəsi"nin həyata keçirilməsində COP29 sədrliyi ilə əməkdaşlığa ümid edir”, - COP30 Prezidentinin məktubunda deyilir.