Suriya hökuməti ilə ölkənin şimal-şərqinə nəzarət edən Kürdəsilli qruplaşmalarla razılıq sənədi imzalanıb. Bu barədə Suriyanın Prezident Administrasiyası məlumat yayıb. Səkkiz maddədən ibarət olan sənəd ölkədə siyasi inklüzivliyi təmin etməyi, kürd icmasının vətəndaşlıq və konstitusiya hüquqlarının qorunmasını, eləcə də bütün Suriya ərazisində atəşkəsin bərqərar olunmasını nəzərdə tutur. Razılığa əsasən, şimal-şərqdəki mülki və hərbi qurumlar, sərhəd qapıları, hava limanları, neft və qaz yataqları Suriya dövlətinin idarəçiliyinə inteqrasiya ediləcək.
Suriyanın yeni konstitusiyasına görə, kürdlərə hüquq və muxtariyyət veriləcək. Suriyada baş verən siyasi proseslər və hökumətin silahlı qruplaşmalarla əldə etdiyi razılıq beynəlxalq aləmdə geniş müzakirə olunmaqdadır. Xüsusilə, ABŞ-ın dəstəklədiyi silahlı qruplaşmaların təsiri altında olan bölgələrdə Suriya hökumətinin nəzarəti bərpa etməsi ilə bağlı müəyyən güzəştlərə getməyə məcbur qala biləcəyi bildirilir.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli News24.az-a açıqlamasında bildirib ki, Suriya hökuməti olduqca zəifdir və bu, onun idarəetmədə çətinlik çəkməsinə səbəb olur:
"Buna görə də ABŞ tərəfindən ciddi şəkildə dəstəklənən silahlı qruplaşmaların təzyiqi ilə üzləşir. Bu vəziyyət Dəməşqi müəyyən güzəştlərə getməyə vadar edə bilər. Ancaq həmin güzəştlərin hansı səviyyədə olacağı proseslərin gələcək inkişafından asılıdır. Türkiyə Suriyadakı bərpa prosesində əsas rol oynayır. Suriyada qəbul ediləcək qərarlar təkcə yerli hökumətin deyil, eyni zamanda Türkiyənin də maraqlarına uyğun tənzimlənəcək. Rəsmi Ankara Suriyadakı bərpa prosesində aktiv iştirak edir və bu məsələdə aparılacaq danışıqlar Türkiyə ilə də müzakirə ediləcək".
Politoloq vurğulayıb ki, hazırda əsas məsələ Suriyada silahlı qruplaşmaların ləğv edilməsidir. O qeyd edib ki, bu istiqamətdə Rəsmi Ankara mühüm addımlar ata bilər:
"Bu məsələdə hansı güzəştlərin olacağı Türkiyə ilə də məsləhətləşdiriləcək. Çünki Suriyada baş verənlər və ya baş verəcəklər Türkiyənin nəzarəti altındadır. Rəsmi Ankara hər hansı neqativ prosesin baş verməsinə imkan verməyəcək və lazım gələrsə, bölgədə hərəkətə keçməyə tam hazırdır. Suriyadakı silahlı qruplaşmalar tərksilah edilməlidir. Türkiyə bu məsələdə aktiv rol oynaya və prosesin istiqamətini dəyişdirə bilər. Bununla yanaşı, bəzi etnik qruplara muxtariyyət güzəştləri edilə bilər, lakin bu, ölkənin parçalanması anlamına gəlməməlidir".
Politoloq hesab edir ki, Suriyada milli-etnik əsasda yeni bir dövlətin yaradılması ehtimalı real görünmür. O, bölgədə baş verən hər hansı siyasi prosesin Türkiyənin nəzarəti altında olduğunu və Ankara tərəfindən qəbul edilməyəcək heç bir qərarın reallaşmayacağını vurğulayıb:
"Suriyada etnik əsaslı dövlətin yaranması mümkün deyil. Suriyada etnik zəmində müstəqil bir dövlətin qurulması üçün hələ çox tezdir. Çünki Suriyada gedən proseslər Türkiyənin diqqət mərkəzindədir və Ankara öz maraqlarına uyğun olmayan hər hansı bir hadisənin baş verməsinə icazə verməyəcək".
Elçin Xalidbəylinin sözlərinə görə, yaxın gələcəkdə Suriyada hansı güzəştlərin ediləcəyi və hökumətin hansı addımları atacağı tam dəqiqləşəcək. Lakin məlum olan budur ki, Suriya hökuməti ölkədəki siyasi balansı qorumaq üçün həm beynəlxalq güclərlə, həm də bölgədə təsir gücü olan Türkiyə ilə koordinasiyalı şəkildə hərəkət etməlidir.
Ruslan Qarayev