AZ

"Yel çərşənbəsi öz gəlişi ilə onları birləşdirdi" - TARİXÇİ ŞƏRH ETDİ

"Yel çərşənbəsi qədim zamanlardan bu günümüzə kimi xalq tərəfindən qeyd olunur. Əsasən yel çərşənbəsində evlərdə bahar təmizliyi edilir. Bu çərşənbədə həyətdə toplanmış, qışdan qalma ot, ağac qırıntılarının hamısını bir yerə yığardılar". Bu sözləri SİA-ya açıqlamasında tarixçi müəllimə Sevda Novruzova deyib.

Onun sözlərinə görə, yel və torpaq çərşənbəsində onları yandırardılar ki, köhnə ildən qalan ağırlıqlar təmizlənsin. Bahar həm də təmizlik deməkdir: "Bu çərşənbədə camaat hamılıqla bir növ iməclik formasında qəbirstanlığa gedər, orada təmizlik işləri aparardılar. Orada qəbirlərin üstü, ətrafı təmizlənərdi. Çünki, adətə görə yel çərşənbəsi ilə torpaq çərşənbəsinin arasındakı dördüncü gün rəhmətə gedənlərin məzarını ziyarət edərdilər. Buna görə də, yel çərşənbəsində insanlar qəbirstanlığa rahat gələ bilsinlər deyə ora təmizlənərdi.

Əsasən toran çalan vaxta yaxın tonqal qalanardı. Əgər kiminki, həyətində, evində saxladığı qəfəs quşları var idisə, onları yel çərşənbəsində azad buraxardılar. Bu artıq üçüncü çərşənbənin olmasına işarə idi. Yel çərşənbəsində "yelə nəfə endi" deyərdilər. Yəni bütün təbiətdə nələr varsa, onlar hamsı oyanacaq, çiçələnəcək.
Yel çərşənbəsinin sonuncu çərşənbə olması ilə bağlı deyimlər də mövcud olmuşdur. Su, Od, Torpaq çərşənbəsi və sonda Yel çərşənbəsi öz gəlişi ilə onları birləşdirdi və bütün təbiətin oyanışına səbəb oldu. Bəzi folklorşünaslar bunu bu formada da izah edir. Ancaq indi müasir dövrdə artıq yel çərşənbəsini biz üçüncü çərşənbə olaraq qeyd edirik. Səməni cücərdilməsini də yel çərşənbəsində edirlər. Səməni bolluq-bərəkət, oyanışın rəmzidir. Bundan başqa "Yel baba" , "Çərşənbə nənə" deyimləri vardır. Belə bir inanc olub ki, ilk çərşənbə - su çərşənbəsində nənələrimiz deyib ki, bu günü yuyunmayın. Bu gün "çərşənbə nənə"nin günüdür, yuyunmaq olmaz. Su çərşənbə günü su "çərşənbə nənə"nindir, o təmizlənməlidir. Amma müasir dövrümüzdə əksinədir.

İnanca görə, Yel çərşənbəsində axşam söyüd ağacının altında dayanıb "Yel baba"dan dilək diləyirsən ki, bu il arzum yerinə yetsin. Əgər yel əsər və söyüd ağacının yarpaqları tərpənərsə, həmin dilək yerinə yetəcək.
Başqa bir inanca görə Yel və Torpaq çərşənbəsində eyni adəti söyüd ağacının altında edirlər. 2 ədəd yumurtanı qaynadıb aparırlar söyüd ağacının altında yanaşı qoyurlar. Onların yanına qara kömür və qırmızı rəngdə boyaq qoyurlar. Əl açıb ağacın altında arzu tutulur və deyilir ki, yumurtaya qara rəng dəyərsə, arzu gerçəkləşmir amma qırmızı rəng dəyərsə, arzu gerçəkləşir. Bir gün boyunca yumurtalar ağacın altında qalır. Səhər gəlib baxırlır ki yumurtaya qara rəng mi dəyib, yoxsa qırmızı rəng. Sonuncu çərşənbədə isə bu adət axar su kənarında edilir.

Külək, hava anlayışları ilə bağlı folklorumuzda çoxşaxəli örnəklərə rast gəlinir. Yazın gəlişini tezləşdirmək üçün Yel babanı nəğmə ilə çağırarmışlar

Yel baba, Yel baba,
Tez gəl, baba, gəl, baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.

Dən dağılıb dağ olsun,
Yel babamız sağ olsun.
Yel baba, Yel baba,
Qurban sənə, gəl baba.Ələk olar, vələk olar,
Xırmanlarda gərək olar.

Cavabı külək olan bu tapmacada Yel babanın gəlib xırmanı sovurub insanlara kömək inamının izləri müşahidə olunur. Küləyin (havanın) antropomorflaşmış obrazı olan Yel babanın burada insanlara himayədarlığı - taxılını sovurub dəni adamlara verməsi və yardımçı olması ilə əlaqədar.
Qara yel sizdən uzaq, ağ yel yol yoldaşınız olsun!

Yelin qanadında ulusumun diləkləri yüksəlsin, yollarımız açıq olsun!

Yellərin oyanışı günü qutlu olsun"

Müəllif: Qumral Əlizadə

Seçilən
13
1
sia.az

2Mənbələr