Bakı, 11 mart, AZƏRTAC
Martın 11-də Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberger ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Kamran Əliyev rəhbərlik etdiyi qurumla ICMP arasında 2023-cü ildən etibarən müsbət əməkdaşlıq əlaqələrinin formalaşdığını qeyd edərək Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri ilə prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar barədə məlumat verib. Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində itkin düşmüş 3983 azərbaycanlının işgəncələrə məruz qalaraq öldürülüb kütləvi məzarlıqlarda basdırıldığı, indiyə qədər onların taleyinə aydınlıq gətirilmədiyi vurğulanıb, Ermənistan tərəfindən müfəssəl məlumatların təqdim edilmədiyi qeyd olunub.
Katrin Bomberger Azərbaycanda itkin düşmüş şəxslər üzrə məlumat bazasının yaradılması, hüquqi bazanın genişləndirilməsi, yerli mütəxəssislərin peşəkarlığının artırılması və müasir laboratoriyaların tikilməsi işlərinə Komissiyanın töhfə verə biləcəyini bildirib, son illər ölkəmizdə bu sahədə görülən işləri yüksək qiymətləndirib.
Səmərəli diskussiya formatında keçirilmiş görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.