Deputat Pərvanə Vəliyeva şəhid Rasim Məmmədovun ailəsini ziyarət edib
Milli Məclisin deputatı Pərvanə Vəliyeva Xətai rayonundan, qəhrəman şəhid Rasim Məmmədovun ailəsini ziyarət edib.
Newscenter.az xəbər verir ki, millət vəkili şəhid anası ilə Rasim Məmmədovun döyüş yolundan, şücaətindən danışıb.
"Şəhid anası Xuraman xanım 254 nömrəli məktəbdə oğlunun adını daşıyan sinifdə dərs deyir. Belə qəhrəman oğul yetişdirən anaya minnətdarlığımızı ifadə etdik",-deyə deputat vurğulayıb.
Qeyd edək ki, Məmmədov Rasim Oktay oğlu 8 oktyabr 1987-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. Xətai rayonu, 254 nömrəli məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsilə yiyələnib.Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətini bitirdikdən sonra Azərbaycan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında xidmət edib.
Azərbaycan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının çavuşu olan Məmmədov Rasim Oktay oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhid olub.