Sevgilisinə yatdığı yerdə ağır xəsarətlər yetirməkdə təqsirləndirilən 18 yaşlı Səbinə Vəliyevanın cinayət işinin məhkəmə baxışı keçirilib.
Editor.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Səbinə Vəliyevanın sevgilisini bıçaqladığı zaman kirayədə qaldıqları evin sahibi məhkəmədə sərbəst ifadə verib.
İfadəsi zamanı ev sahibi bildirib ki, o, başqa yerdə yaşadığı üçün kirayə verdiyi evə mütəmadi gələ bilməyib. Buna görə də evində kirayədə qalan şəxslərin törətdiyi hadisədən bir neçə gün sonra xəbər tutub.
İttihamda qeyd olunur ki, Səbinə Vəliyeva ailəsindən gizli rayondan Bakıya gələrək tanış olduğu Fərid Hüseynzadə ilə Suraxanı rayonunun ərazisində mənzil kirayəyə götürərək qeyri-rəsmi yaşayıblar.
Təqsirləndirilənin istintaqa ifadəsindən məlum olub ki, Səbinə Vəliyeva sevgilisini bıçaqlamasının səbəbini özünün təhqir olunması ilə əsaslandırıb. Onlar 2024-cü il yanvarın 23-də kirayədə yaşadıqları mənzildə şam yeməyi zamanı qəbul etdikləri spirtli içkinin təsiri ilə sərxoş olublar. Səbinə Vəliyeva səhər yuxudan ayılarkən özünü çarpayıda çılpaq vəziyyətdə görərək bundan hiddətlənib. Çarpayıda yatan Fərid Hüseynzadəyə bıçaqla zərbələr endirərək ona ağır xəsarətlər yetirib.
Səbinə Vəliyevaya qarşı Cinayət Məcəlləsinin 29 (Cinayət etməyə cəhd), 120.2.2 (Xuliqanlıq niyyəti ilə adamöldürmə) və 120.2.9-cu (Təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adamöldürmə) maddələri ilə cinayət işi açılaraq ona ittiham irəli sürülüb.