Günəbaxan tumu milyonlarla insanın sevdiyi qəlyanaltı olsa da, diş sağlamlığına təsirləri barədə mütəxəssislər xəbərdarlıq edir. Stomatoloqların fikrincə, davamlı olaraq günəbaxan tumu yemək dişlərdə ciddi problemlərə yol aça bilər.
News24.az bu məsələni ətraflı araşdırıb:
“Günəbaxan tumu dişlə qırılarkən sərt qabığı diş minasına zərər verə, hətta bəzi hallarda çatlamalara və ya qırılmalara səbəb ola bilər. Xüsusilə zəif dişlərə sahib olan şəxslər üçün bu risk daha da yüksəkdir.
Tumların davamlı şəkildə dişlə qırılması damaqlarda qıcıqlanma və hətta zədələnmələrə səbəb ola bilər. Bundan əlavə, tumların qalıqları damaq ciblərində qalıb iltihablanmalara yol aça bilər.
Günəbaxan tumunun tərkibində təbii yağlar olsa da, ləzzət artırmaq üçün əlavə olunan duzlar və digər dadlandırıcılar ağızda turşu səviyyəsini artıraraq diş minasını zəiflədə bilər. Bu isə dişlərin çürüməsinə şərait yaradır.
Diş həkimləri günəbaxan tumunu dişlə qırmaq əvəzinə əl ilə təmizləməyi məsləhət görürlər. Bundan əlavə, tum yeyildikdən sonra ağız gigiyenasına xüsusi diqqət yetirmək və dişləri yaxşıca fırçalamaq lazımdır.
Günəbaxan tumunun zərərsiz bir qəlyanaltı kimi görünsə də, onun dişlərə mümkün təsirlərini nəzərə almaq vacibdir. Sağlam dişlər üçün ağız gigiyenasını qorumaq və zərərli vərdişlərdən uzaq durmaq tövsiyə edilir. /yenisabah.az