AZ

Pakistanda 450 girovdan 155-i azad edildi - FOTOLAR

Dünən Pakistanın Bəlucistan əyalətində ekstremist qruplaşma olan "Bəlucistan azadlıq ordusu" sərnişin qatarına hücum edərək 450-dən çox insanı girov götürüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Bəlucistanın dəmir yolu idarəsinin yüksək rütbəli rəsmisi Məhəmməd Kaşif məlumat verib.

Məlumata görə, hücum zamanı qatarda sərnişinlər arasında qadınlar və uşaqlar da var.

Bildirilir ki, təhlükəsizlik qüvvələrinin başlatdığı “tam miqyaslı” əməliyyatda 27 yaraqlı zərərsizləşdirilib, ümumilikdə 155 girov xilas edilib.

Digər girovların xilas edilməsi əməliyyatı davam edərkən, xilas edilənlər müalicə olunmaq üçün xəstəxanaya göndərilib.

Təhlükəsizlik qüvvələri yaraqlıların kiçik qruplara bölündüyünü və qadın və uşaqları canlı qalxan kimi istifadə etdiklərini bildirib.

Azad edilmiş girovlar yerli mediaya bildiriblər ki, onlar təhlükəsizlik qüvvələrinə çatmaq üçün saatlarla dağlıq ərazini keçiblər.

“AFP” xəbər agentliyinin verdiyi məlumata görə, ekstremist qruplaşma olan "Bəlucistan azadlıq ordusu" dəmir yolunu bombalayaraq nəzarəti ələ keçirib.

Sibi sərhəd bölgəsində adının açıqlanmasını istəməyən yüksək rütbəli polis məmuru bildirib ki, qatar dağlarla əhatə olunmuş tunelin kənarında ilişib.

Qatarın dayandığı dağlıq ərazi yaraqlıların gizlənməsini və hücumlar planlaşdırmasını asanlaşdırır.

BLA hücumu təsdiqləyib. Təşkilat yaydığı bəyanatda sərnişinlərin, o cümlədən təhlükəsizlik qüvvələrinin girov götürüldüyünü bildirib və xəbərdarlıq edib ki, girovları xilas etmək üçün istənilən cəhd “ciddi nəticələrlə” nəticələnə bilər.

Yerli mənbələrin məlumatına görə, hadisə yerinə gələn təhlükəsizlik qüvvələri ilə silahlılar arasında qarşıdurma davam edir. Polis ətrafdakı xəstəxanalarda fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

Qarşıdurmalarda bir qatar mühəndisi, bir polis və bir əsgərin həlak olduğu açıqlanıb.

Bəlucistan hökumətinin sözçüsü Şahid Rind hücumu terror aktı adlandırarkən, təhlükəsizlik mənbələri "silahlıların sərnişinlərin yanına kamikadzeləri yerləşdirdiyini" bildirib.

Seçilən
27
cebheinfo.az

1Mənbələr