AZ

Səttar Möhbalıyevə məxsus olduğu bildirilən otelin işçiləri şikayətçidir: “Səttar müəllim problemlərdən xəbərdardır...” - MÖVQE

Deputat Səttar Möhbalıyevə məxsus olduğu bildirilən Naxçıvanda fəaliyyət göstərən “Təbriz” otelin 40-dan çox işçisinə 2 aydır, əməkhaqqı verilmədiyi, rəhbərliyin işçilərlə kobud rəftar etdiyi deyilir.

 

Pravda.az xəbər verir ki, “Gündəlik Naxçıvan”a danışan işçilərin sözlərinə görə, otelin hazırkı sahibi deputat Səttar Möhbalıyev problemlərdən xəbərdar olsa da, heç bir tədbir görmür: “Rəhbərlik və sahibkar əmək haqlarını vermir, haqqını tələb edənləri isə işdən çıxarmaqla hədələyir. İki aydır maaşımızı vermirlər. İstəyəndə “pul yoxdur” deyirlər, amma otel işləyir, qonaqlar qəbul olunur, yaxşı da qazanc əldə edirlər. Xadimələr və digər işçilər çətin vəziyyətdədir. Haqqımızı tələb edəndə isə bizi təhdid edirlər. Evə çörək aparmağa pulumuz yoxdur, bank borclarımız yığılıb. Səttar müəllim hoteldə tez-tez görünür, amma bizim onunla görüşməyimizə imkan vermirlər. O, vəziyyəti bilir, amma müdaxilə etmir”.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, otelin yüksək məbləğdə kommunal borcu olduğu üçün işçilərin əməkhaqları gecikib.

 

Məsələ ilə bağlı saytımıza açıqlama verən “Təbriz” otelin müdiri Ruslan Həsənov bildirib ki, ötən gün 40 işçinin iştirakı ilə iclas keçirilib: “Yanvar ayında maaş alıblar. Ayın 10-dan növbəti ayın 10-u tarixinə əməkhaqları köçürülür. Fevral ayının əməkhaqqı ötən gün işçilərin kartlarına köçürülüb. Mart ayının əməkhaqqını isə aprelin 1-i alacaqlar. Səttar müəllimin adını hallandırırlar. Bu da yanlışdır. Səttar Möhbalıyevlik oteldə iş yoxdur axı. Otelin rəhbəri, cavabdehi mənəm. Mən də işçilərimi yığıb iclas keçirdim, hər birindən bir-bir soruşdum ki, hansınızı təhqir, təhdid etmişəm, işdən çıxarmaqla hədələmişəm? Heç biri bir kəlmə demədi. Belə bir problem ola bilməz. Mən elə qabiliyyətsiz insan deyiləm. Bunu qarayaxma kimi başa düşürəm. İşçi vaxtlı-vaxtında işə gəlmirsə, belə işləmək olmaz. Davamiyyətsiz işçini işdən azad etmək mənim hüququmdur, səlahiyyətimdir. İşçilər yaxınlaşır, əməkhaqqına da kömək edirəm, avans da verirəm, yeri gəlir, cibimdən də kömək edirəm. Elə vaxt olub ki, özümün də, mühasibin də əməkhaqqını saxlamışam, işçilərinkini köçürmüşəm. İkincisi, müəssisə turizm sektoruna aiddir. Qonaq olmayanda üç-beş gün yubanma halları ola bilər. Bu isə çox çəkmir. Onsuz da əməkhaqqını saxlamaqla özümüzə ziyan edirik. Niyə belə danışırlar? Özlərinə də izah etdim, səbəbini soruşdum. Axı mən elə insan deyiləm. 7 ildir, “Təbriz" oteldəyəm, digər otellərdə də rəhbər vəzifədə olmuşam. Heç bir işçini təhdid etməmişəm. İş saatlarına da güzəştlərə getmişəm. 10 gün yubanmanı deyirlərsə, haqlıdırlar. Qış vaxtıdır, qonaq olur, ya olmur... Biz işçiləri ixtisara salmamışıq. Digər otellərin çoxu işçilərə 15 günlük məzuniyyətə göndəriblər. Biz bunu bir dəfə etmişik, bir-iki nəfəri məzuniyyətə göndərmişik. Bu insanlar niyə narazıdırlar? Sual verin ki, il boyu əməkhaqqı almamısınız? Biz sosial ödənişləri həyata keçiririk. Əməkhaqqı necə kəsilə bilər? Hamısı qanunidir. Vergi ödəməsəm, gözümü çıxararlar”.

 

Ruslan Həsənov kommunal xərclərə görə əməkhaqlarının gecikməsi məsələsini isə belə izah edib: “Ümumi iclas ailə ortamı deməkdir. Səmimiyyətdən irəli gəlir. Bəli, xərclərimiz çoxdur. Hamısı iclasda qeyd olundu, kommunal da həmçinin. Qaza 10 min manat ödəyirəm, ödəməsəm, qaz təchizatı dayandırılar... Bunu ümumi danışmışıq. Təbii ki, işçiyə nə aidiyyatı var, müəssisə kommunal ödəyir, ya ödəmir. Bu, işçinin problemi deyil”.

 

Xatırlatma: “Təbriz” otelin əvvəllər Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbova məxsus olduğu bildirilir.

 

Aytəkin Qardaşova

Tarix: 12 Mart 2025, 12:10   
Seçilən
13
1
pravda.az

2Mənbələr