AZ

Avropanın enerji təhlükəsizliyində Azərbaycan halqası

“Enerji sahəsində əməkdaşlıq inkişaf edir. Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır”. 

Bu sözləri Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda deyib. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir: 

“Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir”. 

Göründüyü kimi, Azərbaycan dünyanın enerji bazarında öz mövqeyini gücləndirir. Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə bildirib ki, Azərbaycan Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin bir parçasına çevrilib:

“Artıq Azərbaycandan 12 ölkəyə qaz nəql edilir. Üstəlik, ölkəmizin qaz ehtiyatları bundan iki dəfə də artıqdır. Yəni yaxın dövr ərzində indikindən iki dəfə daha çox qaz təminatı həyata keçirə bilərik. Bu istiqamətdə də işlər aparılır. 

Cənab Prezident İlham Əliyev də dünən Şimali Makediyanın qazla təchizatı ilə bağlı məsələnin gündəmdə olduğunu qeyd etdi. Ümumiyyətlə, Azərbaycanın Avropa ölkələrini qazla təchiz etməsi indiki dönəmdə çox böyük əhəmiyyət daşıyır. Çünki Rusiya-Ukrayna müsahibəsi fonunda Rusiyanın eneri daşıyıcılarından imtina prosesi baş verir. Artıq bir çox dövlət Rusiyanın enerji daşıyıcılarından imtina edərək qaz ehtiyatları olan başqa ölkələrlər sazişlər bağlama istiqamətlənirlər. Yaranmış bu vəziyyətdə Azərbaycanın önəmi və həmin ölkələri qazla təchiz etmək imkanları önə çıxır”. 

Millət vəkili qeyd edib ki, Azərbaycan həm də Avropanın bir parçası olaraq enerji təhküsizliyinin bir hissəsini öz üzərinə götürür: “Bir sıra Avropa ölkələri və beynəlxalq təşkilatların Azərbaycana qarşı təzyiqləri hələ də davam etsə də, artıq bir çox dövlətlə qarşılıqlı münasibətlər inkişaf edir.

Amma nəzərə almaq lazımdır ki, Avropa İttifaqının 27 ölkəsindən 10-u ilə Azərbaycan ikitərəfli strateji mütəffiqlik haqqında müqavilələr imzalayıb. Həmin ölkələr də ölkəmizin enerji daşıyıcılarından yararlanırlar. Bütün bunlar Azərbaycanın dünyada önəmli dövlət olduğunu bir daha sübut edir”. 

Seçilən
3
cebheinfo.az

1Mənbələr