AZ

Avropa İttifaqı ABŞ-ın rüsum siyasətinə adekvat cavab verəcək

Bakı, 12 mart, AZƏRTAC

Avropa İttifaqı Vaşinqtonun rüsum siyasətinə cavab olaraq aprelin 1-dən ABŞ mallarına qarşı adekvat ticarət tədbirləri görəcək.

AZƏRTAC xəbər verir ki, bunu ticarət və iqtisadi təhlükəsizlik üzrə Avropa komissarı Maroş Şefçoviç özünün sosial media hesabında yazıb.

“Vaşinqton əsassız tariflər yolunu seçdi və bizə cavab verməkdən başqa seçim buraxmadı. Avropa İttifaqının hazırda dayandırılmış balanslaşdırma tədbirləri aprelin 1-də bərpa olunacaq”, - deyə o bildirib.

Maroş Şefçoviç, həmçinin Avropa Komissiyasının aprelin ortalarınadək yeni əks tədbirlər paketi hazırlayacağını təsdiqləyib. “Ticarət münasibətlərinin pozulmasının qarşısını almaq olar. Biz danışıqlara hazırıq”, - deyə siyasətçi əlavə edib.

Martın 12-də Avropa Komissiyası ABŞ-ın Aİ-dən idxal olunacaq polad və alüminiuma yeni tariflərinin tətbiqinə cavab olaraq sürətli və mütənasib əks tədbirlər gördüyünü açıqlayıb. Qurumun bəyanatında qeyd olunur ki, Brüsselin cavab tədbirləri Birləşmiş Ştatların 26 milyard avroyadək ixracatına təsir göstərə bilər və bu da ABŞ tariflərinin iqtisadi miqyasına bərabərdir. Buna baxmayaraq Avropa Komissiyası problemi danışıqlar yolu ilə həll etmək üçün Ağ evlə işləməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, fevralın 10-da ABŞ Prezidenti Donald Tramp xaricdən ölkəyə idxal olunacaq bütün polad və alüminiuma 25 faizlik gömrük rüsumunun tətbiq edilməsi barədə göstəriş verib. Martın 12-də qüvvəyə minən qərar Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Avropa İttifaqı, Kanada, Meksika, Cənubi Koreya və Yaponiyadan tədarüklərə aiddir.

Seçilən
24
1
azertag.az

2Mənbələr