AZ

Suriya hökuməti və kürdlər arasında anlaşma beynəlxalq aləmdə müsbət qarşılandı- ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqı, BMT və bir sıra ərəb ölkələri Suriya hökuməti ilə Kürd Demokratik Qüvvələri (SDQ) arasında əldə edilən razılaşmanı alqışlayıb.

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas bu anlaşmanın Suriyada daha böyük sabitliyə və daha yaxşı gələcəyə yol aça biləcəyini vurğulayıb. O, Avropa İttifaqının Suriya ilə bağlı bəzi sanksiyaları müvəqqəti dayandırdığını da qeyd edib. Kallas bütün xarici qüvvələri Suriyanın suverenliyinə və birliyinə hörmət etməyə çağırıb.

BMT-nin Baş katibinin sözçüsü Stefan Düjarrik də gündəlik mətbuat konfransında razılaşmanı müsbət qiymətləndirib. O bildirib ki, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen bu addımın siyasi keçid prosesini gücləndirəcəyinə ümid edir. Pedersen ABŞ, Türkiyə və regional tərəfdaşları ümummilli atəşkəsə və Suriyada davamlı sülhün bərqərar olmasına dəstək verməyə çağırıb.

Anlaşmanı alqışlayan ölkələr arasında Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, İordaniya, Körfəz Əməkdaşlıq Şurası, Türkiyə, Almaniya və ABŞ da var.

Xatırladaq ki, ABŞ-ın dəstəklədiyi kürd muxtar administrasiyası Suriyanın şimal və şərqində geniş əraziləri, o cümlədən neft və qaz yataqlarını nəzarətdə saxlayır. SDQ isə bu bölgənin hərbi qanadı kimi 2019-cu ildə İŞİD-in son dayaq nöqtələrini məhv edərək onunla mübarizəyə rəhbərlik edib.

Suriya Prezidenti Əhməd əş-Şəraa və SDQ lideri Məzlum Abdi tərəfindən imzalanan saziş səkkiz əsas maddəni özündə birləşdirir. Bunlar arasında bütün suriyalıların hüquqlarının təminatı, kürd icmasının Suriya dövlətinin ayrılmaz hissəsi kimi tanınması və onların konstitusion və vətəndaş hüquqlarının qorunması yer alır.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr