AZ

İlham Əliyev qəbullar keçirdi - Videolar - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qonaqlar, ilk növbədə, COP29-un Azərbaycanda yüksək səviyyədə təşkil olunması və uğurla keçirilməsi münasibətilə dövlət başçısına təbriklərini çatdırıblar. Onlar iqlim gündəliyi və iqlim maliyyələşdirilməsi ilə əlaqədar çox vacib qərarların məhz Bakıda qəbul olunduğunu vurğulayıblar.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvlərinə COP29-da fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirib. COP29 zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən 16-dan artıq müxtəlif panelin təşkil edildiyini, həmçinin Mərkəzin ayrıca pavilyonunun fəaliyyət göstərdiyini xatırladan dövlət başçısı bütün bunların COP gündəliyinin irəli aparılması işinə töhfə verdiyini deyib.

Vayra Vike-Freyberqa və İsmail Serageldin qeyd ediblər ki, Mərkəz böyük Azərbaycan şairi Nizaminin məhz humanizm prinsiplərinə, ideyalarına və fəlsəfəsinə əsaslanaraq, dünya miqyasında humanizmin təşviqinə öz töhfəsini verir.

Dövlət başçısı vurğulayıb ki, Mərkəzin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin fəlsəfəsi əsasında dünya miqyasında həyata keçirdiyi fəaliyyəti təqdir olunur. Bu təsisatın beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından aktiv şəkildə fəaliyyət göstərdiyini, onların həlli yollarının tapılmasına töhfəsini verdiyini deyən Prezident İlham Əliyev bu xüsusda XII Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edib və bu tədbirin yeni dünya düzəninin formalaşdırılması ilə bağlı vacib mövzulara həsr olunduğunu vurğulayıb.

Forumda dünyanın müxtəlif regionlardan 400-ə yaxın nüfuzlu siyasi xadimin iştirak edəcəyini bildirən İsmail Serageldin tədbirdə qlobal aktual problemlərə, bu xüsusda çoxtərəfli diplomatiya və çoxqütblü dünya, BMT-nin gələcək üçün paktı, yeni dünya düzəninin formalaşdırılması, orta güclər və onların yeni dünya düzənində rolu, postmünaqişə dövründə bərpa-quruculuq işləri və bu kimi digər vacib mövzulara həsr edilən panel və müzakirələrin keçiriləcəyini bildirib.

Prezident İlham Əliyev 2026-cı ildə Azərbaycanın BMT-nin Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini deyərək, bu çərçivədə də ölkəmizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və BMT institutları arasında əməkdaşlığın əhəmiyyətinə toxunub.

Dövlət başçısı Mərkəzin İdarə Heyətinin üzvlərinin müxtəlif suallarını cavablandırıb.

Görüş müzakirələrlə davam edib.

***

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovayanı qəbul edib.

Tatyana Valovaya COP29-un ölkəmizdə uğurlu təşkilinə və iqlim gündəliyi ilə əlaqədar qəbul olunmuş vacib qərarlara görə dövlət başçısına təbriklərini çatdırıb.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev BMT-nin ixtisaslaşmış aidiyyəti təşkilatlarının, o cümlədən Cenevrədəki ofisinin rəhbərliyinin də COP29-da fəal təmsil olunmasını və Azərbaycanla əməkdaşlığını məmnunluqla vurğulayıb.

Görüşdə Azərbaycan və BMT, həmçinin BMT-nin müxtəlif təşkilatları arasında əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirlərdə BMT-nin Cenevrədəki ofisinin rəhbərliyinin və ixtisaslaşmış strukturlarının nümayəndələrinin iştirakının vacibliyi qeyd olunub.

Söhbət zamanı BMT-nin müəyyənləşdirdiyi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın bu Məqsədlərin həyata keçirilməsi istiqamətində sosial, iqtisadi və digər sahələrdə yaxşı nəticələr əldə etdiyi vurğulanıb. Həmçinin ölkəmizin milli səviyyədə də dayanıqlı inkişaf məqsədini müəyyənləşdirdiyi bildirilib və bunun da nümunəvi xarakter daşıdığı qeyd olunub.

Görüşdə 2026-cı ildə Azərbaycanın UN-Habitat ilə birlikdə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi vurğulanıb, bu xüsusda birgə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.




Seçilən
9
20
qafqazinfo.az

10Mənbələr