Tolqa Şahin adlı Türkiyə vətəndaşı Azərbaycanda iş adamlarına zərər vurub. Zərərin məbləğinin milyonlarla manat olduğuna dair iddialar var. Ancaq “Gənclik 94” MMC-nin direktoru Arzu Əliyevin başına gələnlər, sadəcə, iddia deyil, aşkar və rəsmi faktdır.
Tolqa Şahin Azərbaycanlı iş adamına 613 min manatdan çox zərər vurub
Tolqa Şahin “Gənclik 94” MMC-nin Bakı şəhərinin Zabrat qəsəbəsində yerləşən anbarlarından müxtəlif tikinti materiallarını götürərək, qısa müddətdə ödəniş ediləcəyinə dair söz verib, amma pulu ödəməyib. Beləliklə, Tolqa Şahinin “Gənclik 94” MMC-yə nə az, nə çox, düz 613 min 601 manat borcu yaranıb. Rəsmi müqavilə, “Gənclik 94” MMC-nin müxtəlif vaxtlarda Tolqa Şahinə məxsus olan “Prefabrik” MMC-yə tikinti materiallarını verməsinə dair təhvil-təslim aktları da bunu təsdiqləyir. Üstəlik bu faktlar üzrə artıq rəsmi araşdırma da gedir. “Gənclik 94” MMC-nin direktoru Arzu Akif oğlu Əliyevin şikayəti əsasında 2024-cü il noyabrın 2-də sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Lakin bir neçə gündən sonra Tolqa Şahin axtarışa verilməklə, cinayət işi üzrə icraat dayandırılıb. Buna səbəb Tolqa Şahinin istintaqdan gizlənməsi olub. Dekabrın 25-də cinayət işi təzələnib və Tolqa Şahinlə əlbir olmaqda şübhəli bilinən Anar Arif oğlu Kərimov tutulub, ona Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə ittiham elan edilsə də, barəsində həbs-qətimkan tədbiri seçilməsi mümkün olmayıb və Anar Kərimov polisin nəzarəti altına verilib. Yəni cinayət əməllərinə görə təqsirləndirilən şəxs azadlığa buraxılıb. Prokurorluq Anar Kərimovun həbsi ilə bağlı məhkəmə qarşısında vəsatət qaldırmaqdan nədənsə imtina edib.
