Bakı, 12 mart, AZƏRTAC
Bakıda “FantazEU” mədəniyyət festivalı çərçivəsində “Yaşıl dünyamız” adlı uşaq rəsm sərgisinin açılışı olub. Tədbir “Ambassadors’ Cultural Club”da Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı və “Arts Council Azerbaijan” təşkilatının dəstəyi ilə keçirilir. Sərginin açılışı gənc rəssamları və diplomatik nümayəndələri bir araya gətirib.
AZƏRTAC xəbər verir ki, sərginin kuratoru Sona Quliyevadır. Layihədə iki uşaq rəssamlıq məktəbinin şagirdləri iştirak edirlər. Onların ətraf mühit və təbiətin qorunması mövzusunda əsərləri nümayiş olunur.
Açılış mərasimində Avropa İttifaqının Azərbaycandakı səfiri Petr Mixalko çıxış edərək bu tədbirin onun ölkədə fəaliyyət göstərdiyi illər ərzində şahidi olduğu ən təsirli sərgilərdən biri olduğunu vurğulayıb. O deyib:
“Biz bu planetdə birlikdə yaşayırıq və bura bizim evimizdir. Buna görə də yaşıl dünyamıza həsr olunmuş sərginin keçirilməsi qərara alındı. Uşaqların ətraf mühiti necə gördüklərini izləmək çox maraqlıdır. Onlar reallığı olduğu kimi qəbul edir və onu əsərlərində əks etdirirlər. Bizim məsuliyyətimiz onlara daha yaxşı gələcək bəxş etməkdir. Uşaqların planetimizi necə gördükləri və görmək istədikləri onların rəsmlərində öz əksini tapıb. Onların müşahidələrindən ilham alaraq, biz də təbiətimizi qorumalıyıq.”
Səfir “Arts Council Azerbaijan”a və uşaq rəssamlıq məktəblərinə yaradıcılığın və ekoloji maarifləndirmənin inkişafına verdikləri töhfəyə görə təşəkkür edib. O, təqdim olunan işlərin yüksək səviyyəsini vurğulayaraq, bu cür təşəbbüslərin mədəni mübadiləyə və ətraf mühitin qorunmasının vacibliyinin dərk edilməsinə töhfə verdiyini qeyd edib.
Sərgidə gənc rəssamlar Fəray Mürşüdlü, Əminə Cabbarlı, Əminə Mirzəliyeva, Sürəyya Məmmədli, Amin Mirzəliyev, Nigar Mahmudbəyova, Yevangelina Lisanova, Nazim Məmmədli, Fidan Abbasəliyeva, Elanur Niftəliyeva, İbrahim Zeynallı, Hökümə Sultan Əmirli, Aida Cəfərova, Milana Əliyeva, Məryəm Əliyeva, Maqsud Əliyev, Ümid Həbibov, Elvira Əliyeva, Ayla Əsədova və başqalarının rəsmləri nümayiş etdirilir.
“FantazEU” festivalı, mədəni irsin qorunmasına və beynəlxalq əməkdaşlığın inkişafına töhfə vermək məqsədilə incəsənət, ekoloji mövzular və ənənələrə həsr olunmuş müxtəlif tədbirlərlə tamaşaçıları sevindirməyə davam edəcək.