AZ

Kartof buna görə bahalaşıbmış... - Açıqlama

Son günlər bazarlarda kartofun qiymətində dəyişiklik müşahidə olunur. Belə ki, hazırda piştaxtalarda təklif olunan kartofun bir kiloqramının qiyməti 1.50-2 manat arasında dəyişir. Bu isə ötən aylarla müqayisədə təqribən 25-50% artım deməkdir. Sözügedən məhsul üzrə daxildə istehsal, eləcə də, ixrac, anbarlarda məhsul həcmi və mövsümi təsirlər kartofun qiymətində artıma necə təsir edir?

Digər malların, o cümlədən, kartofun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur...

Publika.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Trend-in sorğusuna cavab verilib. Bildirilib ki, digər malların, o cümlədən, kartofun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur.

Vurğulanıb ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə öz məhsulları üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2005-ci il tarixli 178 saylı Qərarı ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı” təsdiq edilib. Həmin siyahıya daxil olan mal, iş və ya xidmətlərin qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər malların, o cümlədən kartofun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur.

Bundan əlavə, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə öz məhsulları üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir.

İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə məhsullar təklif olunur. İstehlakçı onların arasından qiyməti və istehlak xassələri uyğun olan malı öz ehtiyacına görə sərbəst seçərək ala bilər".

Mövsümi faktorlar səbəbindən məcmu tələbin və ya təklifin artması və ya azalması istehlak bazarında qiymətlərə təsir edə bilir...

Dövlət Agentliyindən verilən məlumata əsasən, kənd təsərrüfatı məhsullarından olan kartofun qiymətinin dəyişməsinə bir sıra amillər, o cümlədən, mövsümi faktorlar təsir göstərə bilər:

"Bəzi mövsümlərdə müəyyən məhsulların istehsalı, idxalı mümkün olmur və ya müəyyən dövrlərdə bəzi məhsullara olan tələb həcmi kəskin dəyişir. Müşahidələr göstərir ki, mövsümi faktorlar aradan qalxdıqdan sonra adətən istehlak bazarında qiymətlərdə azalma qeydə alınır.

Daxili bazarda qiymət dəyişiklikləri zamanı rəqabət qanunvericiliyinin tələblərinə riayət olunmasının araşdırılması məqsədilə istehlakçılar tərəfindən geniş istifadə edilən bir sıra ərzaq məhsullarının dünya bazar qiymətləri, onların dinamikası və dəyişmə meylləri barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən mütəmadi monitorinq və təhlillər aparılır".

Agentlik qiymət formalaşması zamanı rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarəti həyata keçirərkən pozuntu aşkar etdikdə qanunvericiliyə uyğun tədbirlər görür...

Məlumatda həmçinin vurğulanıb ki, qiymət artımının rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq təqdim edildiyi təqdirdə həmin məsələyə mahiyyəti üzrə baxıla bilər.

Seçilən
24
2
publika.az

10Mənbələr